18-04-2022
Aprelin 18-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə görkəmli türk yazıçısı, Türk Ədəbiyyatı Vəqfinin direktoru Serhat Kabaklının 70 illiyinə həsr olunan tədbir keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq ilk öncə iştirakçıları salamlayıb. O, bildirib ki, bu gün Milli Kitabxanada çox gözəl bir tədbirə – Serhat Kabaklının işığına toplaşmışıq. Serhat Kabaklı Türk dünyası yazıçıları arasında çox tanınan bir şəxsiyyətdir. Direktor çıxışı zamanı vurğulayıb ki, hələ 2019-cu ildə “Nəsimi ili” çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Kitabxana, TÜRKSOY ilə birlikdə Türk Ədəbiyyatı Vəqfində Serhat bəyin təşkilatçılığı ilə çox möhtəşəm tədbirləri keçirmişdik. O, qeyd edib ki, Serhat Kabaklı Azərbaycan ədəbiyyatının təbliğində çox mühüm xidmətləri olan bir insandır. Serhat bəy Türkiyədə çox tanınan, hörmət edilən Kabaklı nəslinin davamçısıdır. K.Tahirov bildirib ki, mən inanıram ki, ölkələrimizin birliyi, dostluğu kimi ədəbiyyatlarımızın da dostluğu daimi olacaqdır. Çıxışının sonunda direktor Serhat Kabaklını yubileyi münasibətilə təbrik edib ona möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıb və bu tədbirin Milli Kitabxanada keçirilməsi təklifində çıxış edən Qənirə xanım Paşayevaya öz təşəkkürünü bildirib.
Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə xanım Paşayeva çıxış edərək bildirib ki, Serhat Kabaklı bütün türk dünyasının böyük qardaşıdır. O, Vətənə, torpağa bağlı olan bir türk şairidir. O, vurğulayıb ki, Serhat bəy əslən Azərbaycan kökənlidir, məşhur Əhməd Kabaklının layiqli davamçısıdır. Qənirə xanım çıxışı zamanı söyləyib ki, Serhat Kabaklının təkcə Türkiyə ədəbiyyatında deyil, Türk dünyası ədəbiyyatında mühüm xidmətləri vardır. Bildirib ki, eyni zamanda bu il türk ədəbiyyatı dərgisinin də 50-ci ildönümü tamam olur. Bu gün biz Serhat Kabaklının 70 illik yubileyini, həmçinin türk ədəbiyyatı dərgisinin də 50 illiyini qeyd edirik. Sonra o, Serhat Kabaklının “Bil oğlum” şeirindən bir parçanı səsləndirərək vurğulayıb ki, “...düşmənimizi əzmişik, Qarabağda da gəzirik!” Həmin şeirə istinad edərək 44 günlük II Qarabağ müharibəsində daim öz dəstəyini Azərbaycandan əsirgəməyən qardaş Türkiyəyə öz təşəkkürünü bildirərək bir millət iki dövlət olduğumuzu vurğulayıb. Çıxışı zamanı bu yaxınlarda Türk ədəbiyyatı dərgisində Şuşa ilə bağlı məqalənin dərc və Şuşaya dair möhtəşəm bir kitabın nəşr olunacağı barədə iştirakçılara məlumat verib. Sonda Serhat Kabaklını 70 illik yubileyi münasibətilə təbrik edərək ona ən gözəl arzularını çatdırıb.
Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək ilk növbədə Serhat bəy başda olmaqla bütün Türkiyədən gələn qonaqları salamlayıb. Bildirib ki, Serhat Kabaklının 70 illik yubileyinin məhz Milli Kitabxanada keçirilməsi çox sevindirici haldır. Bir çox yazıçılarımızın yubileyləri, eləcə də çoxsaylı kitab təqdimatları Azərbaycanla yanaşı, Türkiyədə də keçirilib. Türk Ədəbiyyatı dərgisi təkcə Türkiyənin deyil, bütün türk dünyasının ortaq dərgisidir. Həmin dərgilərdə yazıçılarımız haqqında xüsusi buraxılışlar dərc olunub. Sabir Rüstəmxanlı çıxışı zamanı Serhat Kabaklının iki şeir kitabının dərc olunduğunu iştirakçıların diqqətinə çatdırıb və bildirib ki, onun yaradıcılığının şah əsəri məhz “Bil Oğlum” şeiridir. Çıxışının sonunda Serhat Kabaklını yubileyi münasibətilə təbrik edərək ona “Bakı mənzərəsi” portretini hədiyyə edib.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək Serhat Kabaklının yubileyinin məhz Bakıda keçirilməsində xidmətləri olan Qənirə xanım Paşayevaya öz təşəkkürünü bildirib. Qeyd edib ki, bu tədbir Serhat Kabaklının gördüyü işlərə qarşı bir təşəkkürdür. Bildirib ki, Serhat bəylə birlikdə son illər ərzində bir çox tədbirlər keçirmişik. Əhməd Kabaklının əsərinin Azərbaycan dilinə tərcüməsi, eləcə də Xalq yazıçısı Anarın yubileyinin Türk Ədəbiyyatı Vəqfində keçirilməsini buna aid edə bilərik. Həmin tədbir zamanı Xalq yazıçısı Anara ilk dəfə olaraq “Yaşayan Dədə Qorqud” mükafatı verilmiş, daha sonra Sabir Rüstəmxanlıya, İsa Həbibbəyliyə, Kamal Abdullaya həmin mükafat təqdim olunmuşdur. Bütün bunlar da Azərbaycan ədəbiyyatına diqqətin, qayğının göstəricisidir.
Tədbirin davamında “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, türkiyəli yazıçı İmdad Avşar və digərləri çıxış edərək yubilyara yeni yaradıcılıq uğurları arzulayıblar.
Sonda yubilyara müxtəlif hədiyyələr təqdim olunub və xatirə şəkili çəkilib. Öz növbəsində Türk Ədəbiyyatı Vəqfinin direktoru, görkəmli türk yazıçısı Serhat Kabaklı çıxış edərək tədbirin təşkilinə, çıxış edən hər kəsə öz təşəkkürünü bildirib.