close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Azərbaycanda Özbəkistan mədəniyyəti günləri” çərçivəsində “Özbəkistan ədəbiyyatı və incəsənəti” guşəsinin açılışı və özbək ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Qədirinin “Ötən günlər” əsərinin təqdimat mərasimi keçirildi

02-08-2023

      2 avqust 2023-cü il tarixində Azərbaycan Milli Kitabxanasında “Azərbaycanda Özbəkistan mədəniyyəti günləri” çərçivəsində “Özbəkistan ədəbiyyatı və incəsənəti” guşəsinin açılışı və özbək ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Qədirinin “Ötən günlər” əsərinin Azərbaycan dilində yeni tərcümə olunmuş nəşrinin təqdimat mərasimi keçirildi.

      Tədbiri giriş sözü ilə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Adil Kərimli, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavinləri Səadət Yusifova və Murad Hüseynov, həmçinin Özbəkistan Respublikasının Mədəniyyət naziri cənab Ozodbek Nazarbekov başda olmaqla, Özbəkistan nümayəndə heyətini və bütün tədbir iştirakçılarını salamladı. O, “Özbəkistan mədəniyyəti günləri” çərçivəsində 1-4 avqust tarixlərində silsilə tədbirlərin davam edəcəyini qonaqların diqqətinə çatdırdı. Natiq iki qardaş ölkənin milli kitabxanaları arasında daim sıx əməkdaşlığın mövcud olduğunu, həmçinin 2019-cu ildə Azərbaycan Milli Kitabxanasının Beynəlxalq əməkdaşlıq zalında Özbəkistan daimi guşəsinin açıldığını, bu gün isə özbək milli roman janrının banisi Abdulla Qədirinin “Ötən günlər” kitabının yeni nəşrinin təqdimatına və “Özbəkistan ədəbiyyatı və incəsənəti” adlı guşənin açılışına toplaşdığımızı vurğuladı.

      Özbəkistan Mədəniyyət naziri cənab Ozodbek Nazarbekov tədbir iştirakçılarını salamlayaraq, Özbəkistan və  Azərbaycan mədəni əlaqələrindən danışdı, “Azərbaycanda Özbəkistan mədəniyyəti günləri” çərçivəsində  200-dən çox özbək sənət və ədəbiyyat nümayəndələrinin Azərbaycana təşrif buyurduğunu və üç gün ərzində müxtəlif səpkili tədbirlərin həyata keçiriləcəyini söylədi. O, “Özbəkistan mədəniyyəti günləri” tədbirində iştirak edənlərə müvəffəqiyyət arzuladı, tədbir vasitəsilə özbək ədəbiyyatının Azərbaycanda daha da tanınacağına ümid etdiyini, iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə vəsilə olacağını bildirdi.

     Daha sonra qonaqlar “Özbəkistan ədəbiyyatı və incəsənəti” adlı guşə ilə tanış oldular.

     Tədbir Abdulla Qədirinin “Ötən günlər” əsərinin Azərbaycan dilində yeni tərcümə olunmuş nəşrinin təqdimat mərasimi ilə davam etdi. Professor Kərim Tahirov təqdimatına toplaşdığımız kitabın gənc oxucular üçün vacib nəşr olduğunu qeyd etdi, özbək xalqının milli mənəvi dəyərlərinin Azərbaycan oxucusuna çatdırılmasında əsərin əhəmiyyətindən danışdı.

      Tədbirin davamında Abdulla Qədiri haqqında sənədli film nümayiş olundu.

      Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar hər iki ölkənin mədəniyyət nazirlərini və tədbir iştirakçılarını salamlayaraq, qədim tarixə malik mədəni və siyasi əlaqələrin bu gün də yüksək səviyyədə davam etdirildiyini söylədi, özbək ədəbiyyatının klassiki Abdulla Qədirinin kitabının təqdimatında iştirak etməkdən şad olduğunu, Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunduğuna görə özbək xalqına təşəkkürünü bildirdi.

      Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva başda Özbəkistan Mədəniyyət naziri cənab Ozodbek Nazarbekov olmaqla, özbək nümayəndə heyətini salamladı, türk dünyasının ayrılmaz parçası olan Özbəkistanın, türk dünyasının digər ayrılmaz hissəsi olan Azərbaycanda mədəniyyət günlərinin keçirilməsindən məmnun olduğunu söylədi. Azərbaycan və Özbəkistan ədiblərinin daimi qarşılıqlı qardaşlıq əlaqələrindən söz açdı. Eyni zamanda hər iki ölkənin dövlət başçılarının nümayiş etdirdikləri qardaşlıq nümunəsinin ölkəmizdə ənənəvi dostluq, etimad və qarşılıqlı anlaşma münasibətlərinə dayandığını bildirdi. O, həmçinin əsərin dəfələrlə Azərbaycan dilində çap olunmasının əsərə, müəllifə, ümumilikdə özbək ədəbiyyatına ölkəmizdə olan maraqdan iləri gəldiyini söylədi. 

      Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin  direktoru, akademik Rafael Hüseynov “Özbəkistan mədəniyyəti günləri”nin Azərbaycanda keçirilməsinin türk dünyasının birliyinin bariz nümunəsi olduğunu bildirdi, 1000 illik zaman çərçivəsində istər qədim, istər çağdaş dövrdə iki xalq arasında əlaqələrin mövcudluğundan danışdı. Hələ ötən əsrin 70-ci illərində hər iki ölkənin prezidentlərinin əsasını qoyduğu dostluq münasibətlərinin  bu gün də eyni şəkildə davam etdirildiyini, həmçinin siyasi-beynəlxalq arenada hər iki ölkənin daha da yaxınlaşdığını dedi. Natiq kitabın müəllifinin, tərcüməçisi Xalid Səid Xocayevin və redaktoru olmuş Hənəfi Zeynallının repressiya qurbanı olduğunu bildirdi, Abdulla Qədirinin Azərbaycan ədəbiyyatına da müsbət təsirini göstərdiyini qeyd etdi.

     Özbəkistan Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov “Azərbaycanda Özbəkistan mədəniyyəti günləri”nin keçirilməsindən məmnun olduğunu, tədbirin təşkilinə görə Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə təşəkkürünü bildirdi. O, Azərbaycan xalqı tərəfindən hər zaman özbək ədəbiyyatına dəyər verildiyini, əsərin 2022-ci ildə 100 illiyinin, həmçinin bu il  Abdulla Qədirinin banisi və fəal müəlliflərindən biri olduğu Özbəkistanda nəşr olunan ilk satirik jurnal olan “Müştüm” jurnalının da 100 illik yubileyinin keçirildiyini vurğuladı.

      Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, yazıçı-publisist Fazil Mustafa bu gün keçirilən tədbirin Azərbaycan-Özbəkistan münasibətləri baxımından əhəmiyyətli tədbir olduğunu qeyd etdi. Bildirdi ki, iki ölkənin intibahı Türk dünyasının inkişafına təsir edəcək.

      Özbəkistan Respublikası Milli Məclisinin üzvü, Özbəkistanın Xalq şairi Mahmudjan Tohirov bu əlamətdar gündə Azərbaycanda özbək sənətinin belə çox sevildiyinə heyrətləndiyini və bundan fəxr hissi duyduğunu söylədi.

      AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri, professor Almaz Ülvi kitabın ərsəyə gəlməsində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə, Özbəkistan Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanova və Təhsil nəşriyyatına təşəkkürünü bildirdi, 2024-cü ildə Abdulla  Qədirinin 130 illik yubileyinin keçiriləcəyini diqqətə çatdırdı.

      Özbəkistan Yazıçılar İttifaqının üzvü, Daşkənd Dövlət Universitetinin Ədəbiyyat nəzəriyyəsi və müasir ədəbi proses kafedrasının müdiri Bahadur Kerimov çıxışında əsərin 3 hissədən ibarət olduğunu söylədi, vurğuladı ki, əsərin birinci oxucusu özbək xalqı olubsa, ikinci oxucusu Azərbaycan xalqıdır.

      Filologiya elmləri doktoru, professor Ramiz Əsgər, Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı kitabla bağlı fikirlərini söylədilər.

      Filologiya elmləri doktoru, professor Tərlan Quliyev tərcümə etdiyi Əlişir Nəvainin “Mizanül özvan” əsərini Özbəkistan Mədəniyyət naziri cənab Ozodbek Nazarbekova hədiyyə etdi.

      Abdulla Qədirinin nəvəsi, yazıçı Xondamir Qədiri bu möhtəşəm təqdimata görə hər iki ölkənin mədəniyyət nazirlərinə və kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirdi.

     Sonda Azərbaycan Milli Kitabxanası tərəfindən Özbəkistan Mədəniyyət naziri cənab Ozodbek Nazarbekova dahi Nizaminin Fransa Milli Kitabxanasında saxlanılan “Xəmsə”sinin əlyazmasının nəfis nəşri, elektron daşıyıcıda “Ötən günlər” kitabının 1929-cu il nəşri, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” kitabı, “Azərbaycan Milli Kitabxanası” adlı fotoalbom hədiyyə edildi, sonda xatirə şəkli çəkildi.

 

icon

Foto qalereya