29-05-2024
Mayın 29-da Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalarda KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar onlayn görüş keçirilib.
Azərbaycan Milli Kitabxanasının Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova iştirakçıları salamlayıb, kitabxanalarda son illər proseslərin modernləşdirilməsi, mütərəqqi metod və texnologiyaların tətbiqi sahəsində fəaliyyətin genişləndirilməsindən danışıb, yeni proqramın tətbiqi ilə əlaqədar Milli Kitabxanada keçirilmiş treninqlərin əhəmiyyətini vurğulayıb. O, görüşün keçirilməsində əsas məqsədin kitabxanalarda bu istiqamətdə mövcud vəziyyəti analiz etmək, problemləri aydınlaşdırmaq, onların həlli yönündə təklif və tövsiyələrlə çıxış etmək olduğunu bildirib, proqramın tətbiqi məsələləri ilə bağlı mütəmadi olaraq görüşlərin keçiriləcəyini qeyd edib, onlara bu işdə uğurlar arzulayıb, müzakirələrdə fəal iştirak etməyə dəvət edib.
Görüşdə Milli Kitabxananın İnformasiyalaşdırma və texnoloji inkişaf üzrə direktor müavini Toğrul Kamilzadə proqramın funksiyaları haqqında çıxış edib, əməkdaşlar tərəfindən bu sahədə müasir vəziyyət təhlil edilib, tətbiq prosesində meydana çıxan problemlər, keyfiyyətin artırılması yolları və s. istiqamətlərdə müzakirələr aparılıb, aktual suallar cavablandırılıb və funksionallığın artırılması məqsədilə lazımi tövsiyələr verilib.