close
icon E-kataloq və kitabxana

Moskvada Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan Milli Kitabxanasının virtual oxu zalı yaradılacaqdır

25-12-2015

Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov və İnformasiyalaşdırma və texnoloji inkişaf üzrə direktor müavini Elçin Musayev bu həftə M.İ.Rudomino adına Ümumrusiya Dövlət XariciƏdəbiyyat kitabxanasında olmuşlar. Görüşdə əsas məqsəd hər iki kitabxana arasında ikitərəfli əlaqələrin qurulması və həmin kitabxanada Azərbaycan Milli Kitabxanasının virtual oxu zalının açılması məsələsinin müzakirəsi olmuşdur.

Görüşdə Xarici ədəbiyyat kitabxanasının Baş direktoru V.V.Duda, baş direktorun məsləhətçisi V.Zaytsev, Xarici ədəbiyyat şöbəsinin müdiri S.A.Qoroxova, kitabxananın Mədəniyyət mərkəzinin baş biblioqrafı D.A.Belyakova iştirak edirdi.

Azərbaycan nümayəndə heyətinin rəhbəri prof. K.Tahirov çıxış edərək səfərin əsas məqsədini diqqətə çatdırmış və Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyi tərəfindən Xarici Ədəbiyyat Kitabxanasında yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinin daha da canlandırılması, inkişaf etdirilməsi və mütəmadi olaraq yeni ədəbiyyatla təchiz olunması, Heydər Əliyev Fondu tərəfindən başlanmış uğurlu işlərin davam etdirilməsi məsələlərini ev sahibləri ilə müzakirəyə təqdim etmişdir. Azərbaycan klassiklərinin əsərlərinin birgə iki dildə nəşrə hazırlanması və başqa məsələlər müzakirə olunmuşdur. IV Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində müzakirə olunan məsələlər- beynəlxalq mədəni əməkdaşlıq, elektron resursların yaradılması və onlara geniş oxucu kütlələrinin əlçatanlığının təmin olunması, müəlliflik hüququ qorunmaqla qeyri-kommersiya məqsədləri üçün elektron resurslardan masafədən istifadə məsələləri də geniş  müzakirə obyekti olmuşdur.

Xarici ədəbiyyat kitabxanasının Baş direktoru V.Duda öz çıxışında belə bir məqsədlə Azərbaycan Milli Kitabxanasının Moskvaya gəlməsini alqışladıqlarını bildirərək, qarşılıqlı əməkdaşlığın onlar üçün də maraqlı olduğunu, bundan hər iki kitabxananın oxucularının bəhrələnəcəyini qeyd etmişdir. O, eyni zamanda AMK-nın virtual oxu zalının təkcə bu kitabxanada deyil, gələcəkdə həmin kitabxananın Rusiyanın 20 iri şəhərində olan filiallarında da açılmasını mümkün hesab etmişdir. Baş direktor eyni zamanda qarşılıqlı əməkdaşlığın onların kitabxanasında mövcud olan Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinin canlandırılmasına da müsbət təsir göstərəcəyini qeyd edərək Moskvada yaşayan azərbaycanlılar üçün Milli Kitabxananın elektron resursları, o cümlədən elektron kitablar, dövri və ardı davam edən nəşrlər: qəzet, jurnal, elmi əsərlər və s. ümumilikdə 125 min nüsxədən artıq sənədi əhəmiyyətli rol oynayacağına ümidvar olduğunu söyləmişdir. Lakin hazırda bu resursların siyahısı kitabxananın saytında və elektron kitabxanasında təqdim olunur, lakin tam mətnlərə yalnız kitabxana daxilində çıxış var və məsafədən istifadə mümkün deyildir. Buna görə də V.Duda AMK-nın virtual oxu zalının Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində yaradılmasını təklif etmişdir

Kərim Tahirov bu təklifin Heydər Əliyev Fondunun rəhbərliyi ilə müzakirə olunacağını əldə olunan nəticənin onlara çatdıralacağını bildirmişdir. Azərbaycan Milli Kitabxanasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanuna ciddi əməl etdiyini və elektron resurslara çıxışı yalnız Xarici ədəbiyyat kitabxanasının daxilində və qeyri kommersiya məqsədilə istifadəsi mümkün ola biləcəyini bildirərək ondan regionlarda istifadə olunması məqsədilə xüsusi proqramın işlənməsini vacib hesab etmişdir.

Baş direktorun məsləhətçisi V.Zaytsev kitabxananın Heydər Əliyev Fondu ilə birgə 2012-ci ildə M.F.Axundovun əsərlərinin bir hissəsinin 2 dildə çap etdirildiyindən danışaraq bu təcrübənin davam etdirilməsini, Azərbaycan klassiklərinin və müasir müəlliflərin əsərlərinin tərcümə olunaraq 2 dildə çapını təklif etmişdir.

Xarici Ədəbiyyat şöbəsinin müdiri Qoroxova klassik əsərlərin  müasir tərcüməsinin məqsədyönlü olacağını  dilə gətirərək  nəşrlərin hazırlanmasına cavan tərcüməçilərin cəlb edilməsini təklif etmişdir. Kitabxananın Beynəlxalq Mədəniyyət Mərkəzində “Tərcümə Məktəbi” peşəkar inkişaf proqramının fəaliyyət göstərdiyini,  proqrama cavan tərcüməçilərin cəlb edildiyini, Azərbaycan yazıçılarının əsərlərinin tərcüməsi onlar üçün böyük praktiki təcrübə olacağını bildirmişdir. Qoroxova bildirmişdir ki, Xarici ədəbiyyat kitabxanasında  Şərqi Avropa, Baltika, MD və Rusiya üçün İFLA-nın regional mərkəzi fəaliyyət göstərir. Mərkəzin əməkdaşları kitab və əlyazmaların restavrasiyası sahəsində öz təcrübələrini bölüşə bilərlər.

Cənab Duda hazırda arxiv sənədlərinin, o cümlədən əlyazmaların rəqəmdsallaşdırılmasının aktuallığından danışaraq “Moskva muzey, arxiv və kitabxanalarında Azərbaycan əlyazmaları kolleksiyası” toplu kataloq layihəsini təqdim edərək rəhbərlik etdiyi kitabxanada, eləcə də Moskvanın digər kitabxana, muzey və arxivlərdə Azərbaycana aid çoxlu sayda əlyazmaların qorunduğunu, rəqəmsallaşmanın çox böyük layihə, elmi iş olduğunu, bu layihənin həyata keçməsində Azərbaycan Milli Kitabxanasının elmi məsləhətçi ola biləcəyini söyləmişdir.

2014-ci ildə Bakıda  keçirilən “Mədəniyyətə rəqəmsal çıxış” beynəlxalq konfransında Azərbaycan Avropa Şurasının təmsilçisi kimi çıxış edib. Xarici ədəbiyyat kitabxanasında Azərbaycan Milli Kitabxanasının elektron resurslarının virtual oxu zalının açılması Bakı konfransının nəticəsinin reallaşması olar və Avropa Şurasının maliyyə dəstəyilə həyata keçirilə bilər. Birgə əməkdaşlığın digər istiqaməti peşəkar  kadrların hazırlanması ola bilər.-deyə Duda bildirmişdir.

Kərim Tahirov Azərbaycan Milli Kirtabxanasında restavrasiya mərkəzinin olmadığını,  maliyyə vəsaiti üçün Heydər Əliyev Fonduna müraciət olunacağını söyləmişdir. O, həmçinin bərpa və resvavrasiya sahəsində mütəxəssislərin öyrədilməsini peşəkar əməkdaşlıq sahəsində prioritet sahə olacağını bildirmişdır.

Cənab Duda hazırda 1,6 milyon tam mətni olan  Rusiya elektron kitabxanasına gələcəkdə çıxışı təmin etmək məqsədilə Azərbaycan Milli Kitabxnasında da virtual oxu zalının açılmasını təklif etmişdir. Azərbaycan tərəfi bu təklifi alqışladıqlarını bildirmişlər.

Görüşün sonunda Azərbaycan Milli Kitabxnası və  M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası arasında müqavilə imzalanması, virtual oxu zalının açılması üçün texniki məsələlərin həllinə başlanılması, birgə səylər əsasında Azərbaycan mədəniuyyət mərkəzinin işinin inkişaf etdirilməsi, fondu Azərbaycan dilində kitab və aktual dövri nəşlərlə zənginləşdirmək, mərkəzin ərazisində mədəni tədbirlərin (kitab təqdimatları, yazıçı və şairlərlə görüş və s.) təşkili, klassiklərin və müasir Azərbaycan yazıçılarının əsərlərinin iki dildə çapının birgə hazırlanması və 2016-cı ildə çapı, peşəkar əməkdaşlıq proqramı çərçivəsində növbəti ilin dekabr ayında xarici ədəbiyyat kitabxanasından mütəxəssislərin Azərbaycan Milli Kitabxansına və Azərbaycan Milli Kitabxanasının mütəxəssislərinin Moskvaya və digər mədəniyyət ocaqlarına təcrübə mübadiləsi məqsədilə səfərləri, Azərbaycan Milli Kitabxanasında açılacaq restavrasiya mərkəzinə xarici ədəbiyyat kitabxanasının metodiki köməyi, treninq və master klassların keçirilməsi qərara alınmışdır.