25-05-2024
XX əsr ədəbiyyatımızın böyük klassiki, milli nəsrimizin, dramaturgiyamızın, səhnəmizin, ədəbi-bədii və ictimai fikrimizin inkişafında əvəzsiz xidmətləri olan İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayın 26-da Füzuli şəhərində dünyaya göz açıb.
İlyas Əfəndiyevin "Kənddən məktublar" adlanan ilk kitabı 1939-cu ildə çap olunub. Kitabda onun eyniadlı povesti və bir neçə hekayəsi toplanıb.
1960-cı ildə Respublikanın Əməkdar İncəsənət xadimi fəxri adını alan Əfəndiyevin yaradıcılığında 60-80-cı illər ən məhsuldar dövr hesab olunur. Bu illərdə müasir Azərbaycan nəsrinin yüksək bədii-estetik səviyyəli nümunələri kimi şöhrət qazanan "Körpüsalanlar" (1960), "Dağlar arxasında üç dost" (1963), "Sarıköynəklə Valehin nağılı" (1976-78), "Geriyə baxma, qoca" (1980), "Üçatılan" (1981) kimi povest və romanlarını dərc etdirib.
Dramaturq "Sən həmişə mənimləsən" (1964) pyesi ilə Azərbaycan səhnəsində lirik-psixoloji dramanın əsasını qoyub. “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs” pyesləri teatr repertuarlarının bəzəyidir.
Dramaturq “Xurşidbanu Natəvan”, “Şeyx Məhəmməd Xiyabani”, “Hökmdar və qızı” və digər tarixi dramları ilə xalqımızın müstəqilliyi uğrunda apardığı mübarizənin, istiqlal məfkurəsinin, azadlıq hərəkatının bədii tərənnümçüsünə çevrilib.
Yazıçının uşaqlar üçün yazdığı "Ceyran ovu", "Maraqlı hadisə", "Qoruqlarda", "Yasəmən ağacı", "İz ilə", "Ovçunun nağılı", "Zəmidə bir turac səslənirdi" kimi hekayələri orta məktəb dərsliklərinə də salınıb.
İlyas Əfəndiyevin müraciət etdiyi ədəbi janrların hər birindən xalqın taleyüklü məsələlərinin, mühüm siyasi və mənəvi dəyərlərin böyük vətəndaşlıq yanğısı ilə bədii təhlili boy göstərir. Yaradıcılığı boyu hakim ideologiyanı tərənnüm etməyən ədib o dövrdə ədəbiyyatda yasaq olan Cənubi Azərbaycan və mühacirət mövzularında əsərlər yazıb.
Onun əsərləri rus, türk və digər dillərdə dəfələrlə nəşr olunub, yaradıcılığı haqqında monoqrafiyalar, doktorluq, namizədlik dissertasiyaları yazılıb.
Xalq yazıçısı İlyas Əfəndiyеv milli ədəbiyyatın inkişafında və Azərbaycan teatr səhnəsinin müasir simasının formalaşmasında səmərəli xidmətləri qiymətləndirilib. O, bir çox mükafatlara və təltiflərə, o cümlədən Azərbaycan Respublikasının "Xalq yazıçısı" və "Əməkdar incəsənət xadimi" fəxri adlarına, “Şöhrət” ordeninə layiq görülüb.
Milli Kitabxanada yazıçının anadan olmasının ildönümü ilə əlaqədar “Xalq yazıçısı İlyas Əfəndiyеv- 110” adlı geniş kitab sərgisi açılıb.
Sərgidə yazıçının böyük ustalıqla qələmə aldığı əsərləri, tamaşaya qoyulmuş pyeslərdən fotolar, yaradıcılığı haqqında yazılmış Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Sərgi 1 həftə davam edəcək.