19-02-2016
Fevral ayının 19-da Milli Kitabxanada “Virtua proqramının inkişaf etdirilməsi” mövzusunda beynəlxalq treninq öz işinə başlamışdır. Treninqin açılış mərasimində Milli Kitabxananın direktoru prof. Kərim Tahirov, Innovative Interfaces Global Ltd.-nin əməkdaşı Yana İlavska iştirak edirdi.
Treninqi kitabxananın direktoru K.Tahirov açaraq əməkdaşları fəal olmağa çağırmış və treninqin işinə uğurlar arzulamışdır.
Treninq Innovative Interfaces Global Ltd.-nin əməkdaşı Yana İlavska tərəfindən aparılır.
Şirkətin məhsulu olan Virtua avtomatlaşmış kitabxana sistemində mövcud olan yeniliklər, digər modullarının işə salınması, modullarının təkmilləşdirilməsi, kitab verilişi, oxucu qeydiyyatı, axtarış sistemlərinin təkmilləşdirilməsi, avtoritet faylların, filtrlərin qaydaya salınması, indekslərin optimallaşdırılması, dövri mətbuat məqalələrinin axtarış interfeysinin hazırlanması, biblioqrafik yazıların təkmilləşdirilməsi, qarşıya çıxan problemlərin həlli və s. məsələlər treninqdə müzakirə olunur.
Treninqin müzakirə obyekti olan ikinci məsələ elektron kitabxananın təkmilləşdirilməsi, ondan istifadə, axtarış sistemlərinin yaradılması və inkişaf etdirilməsidir. Elektron kitabxanadan istifadə olunmasında qarşıya çıxan ən böyük problemlərdən biri “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun şərtlərinə əməl olunmasıdır. Bu məqsədlə xüsusi proqramın işlənib-hazırlanması məsələləri müzakirə olunur. Tətbiq olunacaq bu proqramda müəlliflik hüüququ qorunmaq şərtilə elektron sənədlərin ümumistifadəyə açıq olması təmin olunacaq, lakin elektron resursların surətinin çıxarılmasına, köçürülməsinə, tirajlanmasına qadağalar qoyulacaqdır. Bununla da çoxsaylı oxucuların narazılıqlarına son qoyulacaq, Milli Kitabxananın elektron kitabxanasından istifadə imkanları genişlənəcəkdir.
İki gün davam edəcək treninqdə Milli Kitabxananın əməkdaşları iştirak edir.