Bu gün tanınmış tarixçi, Əməkdar elm xadimi, professor Tofiq Mustafazadənin anadan olmasının 75 ili tamam olur.
Tofiq Teyyub oğlu Mustafazadə 1949-сu il iyunun 1-də Azərbaycan Respublikası Dəvəçi (indiki Şabran) rayonunun Zeyvə kəndində anadan olub. O, 1966-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olub, 1971-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib. 1980-ci ildə namizədlik, 1992-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib, 1999-cu ildə professor elmi adını alıb.
Professor Tofiq Mustafazadənin elmi-tədqiqat fəaliyyəti çoxşaxəlidir.
Ölkədə ilk dəfə olaraq dörd cilddən ibarət “Ümumi tarix” kitabını yazıb. 2009-2011-ci illərdə həmin kitabı genişləndirib, iki kitab şəklində yenidən nəşr etdirib.
“XVIII-XIX yüzilliklərin əvvəllərində Osmanlı-Azərbaycan münasibətləri”, “"Erməni məsələsi"ndən erməni terrorizminə”, “Qarabağ xanlığı və onun beynəlxalq əlaqələri”, “Quba xanlığı”, “Azərbaycan-Rusiya münasibətləri: XVIII əsrin ikinci yarısı-XIX əsrin əvvəllərində”, “XVIII əsrin II rübündə Xəzəryanı regionda beynəlxalq münasibətlər və Nadir şah Əfşarın diplomatiyası”, “Азербайджан и русскотурецкие отношения в первой трети XVIII века” və s. sanballı elmi əsərlərin müəllifidir.
Tofiq Mustafazadə 2012-ci il mayın 25-də Azərbaycan Respublikasının Dövlət mükafatına, 2015-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Professor Tofiq Mustafazadənin doğum günü ilə əlaqədar Milli Kitabxanada “Professor Tofiq Mustafazadə” adlı geniş kitab sərgisi açılıb. Sərgidə tarixçi Tofiq Mustafazadənin əsərləri, elmi fəaliyyətini və yaradıcılığını əks etdirən ədəbiyyatlar Azərbaycan və rus dillərində nümayiş olunur.
Sərgi 1 həftə davam edəcək.