close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Heydər Əliyev Fondu - 20 il” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

10-05-2024

Bu gün Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 ili tamam olur.

 Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədilə yaradılmışdır.

10 may 2004-cü il tarixindən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

Eyni zamanda, Fond xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etməyi, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Ən əsası isə odur ki, Heydər Əliyev Fondu Ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir.

Heydər Əliyev Fondunun prezidenti Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, Azərbaycan Mədəniyyət Fondunun prezidenti, ISESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevadır.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının ildönümü ilə əlaqədar “Heydər Əliyev Fondu - 20 il” adlı virtual sərgi hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Virtual sərgidə rəsmi sənədlər, Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı, həmçinin həyata keçirdiyi layihələr haqqında kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar və bir sıra materiallar tammətnləri ilə nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Heyder_Eliyev_fondu/index.htm linkindən istifadə edə bilərlər.

icon

Foto qalereya