close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Hidayət Orucov” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

05-09-2024

Bu gün müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi - şair, dramaturq, publisist, tərcüməçi, ictimai xadim Hidayət Orucovun doğum günüdür.

Hidayət Xuduş oğlu Orucov 5 sentyabr 1944-cü ildə Zəngəzurun Meğri rayonunun Maralzəmi kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Ədəbi mühitdə Hidayət adı ilə tanınır.

Yeniyetməlik çağlarından İrəvanda və Bakıda şeirləri mətbuatda çap olunan Hidayət Orucov ilk gənclik illərindən istedadlı şair kimi tanınıb, bir-birinin ardınca nəşr edilən kitabları oxucular arasında ciddi maraq doğurub.

İrəvanda və Bakıda işıq üzü görmüş “Məni səsləyəndə”, “Məhəbbət qocalmır”, “Bir az gözləyin məni”, “Zirvə çağırır”, “Dənizi harayladım”, “Eviniz analı olsun” kimi şeir və poema topluları, “İrəvanda xal qalmadı”, “Qatardan məktub”, “Sabaha çox var”, “Sözün vaxtı”, “Burdan min atlı keçdi” kimi nəsr, publisistika, pyes kitabları, “Əziz Əliyev. Odlar yurdunun iftixarı”, “Mir Cəlal dünyasından sətirlər” və s. nəşrlər Hidayət Orucovu müasir ədəbiyyatımızın istedadlı və məhsuldar ədibi, yetkin söz sahibi, günün nəbzini tutan naşir olaraq tanıdıb.

Eyni zamanda əsərləri bir sıra xalqların dillərinə tərcümə olunaraq ölkəmizi layiqincə təmsil edib. Onun xarici dillərdə çıxmış "Mən belə yaşayıram", "Nura qovuşacağıq" (rus dilində), "İntizar", "Sənsiz" (gürcü dilində), "Sabaha çox var" (Dağıstan dillərində), "Dağlar nəğməsi" (özbək dilində) və başqa kitabları maraqla qarşılanıb.

Hidayət Orucovun "Heydər Əliyev və Azərbaycanda milli siyasət" monoqrafiyası ingilis, rus, gürcü, türk, ərəb, qırğız dillərində də nəşr olunub.

Dramatik əsərləri Azərbaycan Akademik Milli Dram Teatrında, Səməd Vurğun adına Rus Akademik Dram Teatrında, digər Azərbaycan teatrlarında, xarici ölkələrin səhnələrində,  “Bu dünyanın adamları” pyesi isə Ankara Bələdiyyə Teatrında və Çingiz Aytmatov adına Qırğızıstan Rus Dövlət Dram Teatrında uğurla tamaşaya qoyulub.

Tərcüməçilik fəaliyyəti Hidayət Orucovun yaradıcılığının diqqətçəkən istiqamətlərindən biri kimi qiymətləndirilir.  Onun tərcümələri sayəsində Azərbaycan oxucusu dünya ədəbi fikrinin bəzi nümunələri ilə tanış olmaq imkanı qazanıb. Şekspirin "Sonu yaxşı bitən hər iş yaxşıdır" pyesini, Harriyet Biçer-Stounun "Tom dayının daxması" romanını, XIX əsr ingilis və island poeziyasından seçilmiş nümunələri, "Gözəllik suyu" adıyla nəşr olunmuş türk ədəbiyyatı antologiyasını, həmçinin, rus və digər xalqların ədəbiyyatından bir sıra inciləri dilimizə çevirib.

Hidayət Orucovun "Gənclik" nəşriyyatında baş redaktor olduğu müddətdə 50 cildlik "Dünya Uşaq Ədəbiyyatı Kitabxanası"nın nəşri Azərbaycanın kitab mədəniyyəti tarixində mühüm bir hadisədir.  Onun təşəbbüsü və rəhbərliyi ilə 15 cildlik “Azərbaycan folkloru”, 25 cildlik “Macəra və fantastika”, 17 cildlik “SSRİ Xalqları Ədəbiyyatı” kitablarının, bir sıra mühüm seriyaların nəşrinə də həmin illərdə başlanıb.

Hidayət Orucov ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mənəvi dəyərlərimiz barədə eyni zamanda tarixi keçmişimiz, türk xalqlarının deportasiyası və soyqırımlarına, yaşadığımız günlərin problemlərinə həsr olunmuş 150-dən çox məqalənin, publisist qeydlərin müəllifidir.

Ədəbiyyatda və incəsənətdə xidmətlərinə görə gənclik yaşlarından yüksək dövlət mükafatlarına layiq görülüb. Həmçinin, 1991-ci ildə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adı ilə, 2002-ci ildə Gürcüstan Respublikasının "Ləyaqət" ordeni, 2004-cü ildə Azərbaycan Respublikasının ali mükafatı - “Şöhrət” ordeni ilə təltif olunub.

1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, 1993-2005-ci illərdə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə Dövlət Müşaviri, 2005-2006-cı illərdə Azərbaycan Respublikası Milli azlıqlarla və Dini Qurumlarla İş üzrə Dövlət müşaviri, 2006-2012-cı illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb. 27 dekabr 2012-ci ildə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. Elə həmin gün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

Ədəbi yaradıcılığı ilə birlikdə ictimai fəaliyyətinə görə Dağıstan Respublikasının Fəxri Fərmanı (2004), Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu (2014), 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2019) və çox saylı digər yüksək mükafatlara layiq görülüb.

Hidayət Orucov Çuvaşıstan Respublikasının ali ədəbi mükafatı “Paydulla İskeyev” adına Çuvaş Beynəlxalq ədəbi mükafatının laureatı, Çingiz Aytmatov Beynəlxalq ictimai akademiyasının akademikidir. "Çingiz Aytmatov adına Beynəlxalq "İssık Kul Forumu"nun Fəxri Fərmanı ilə təltif olunub.

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ictimai xadim Hidayət Orucovun 80 illik  yubileyi ilə əlaqədar Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Hidayət Orucov” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Hidayət Orucovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında  sərəncamın mətni, əsərləri, tərtib etdiyi, həyatı və yaradıcılığı haqqında əsərlər, dövri mətbuat səhifələrində dərc olunan məqalələr təqdim olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Hidayet_Orucov/index.htm   linkindən istifadə edə bilərlər

Ənənəvi sərgidə isə yazıçının müəllifi olduğu əsərlər, dünya ədəbiyyatından tərcümələri, tərtibçi, Ön söz, ideya müəllifi, məsləhətçi və redaktoru olduğu kitablar, həyat və yaradıcılığı haqqında yazılmış Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Ənənəvi sərgi 1 həftə davam edəcək.

 

icon

Foto qalereya