close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Akademik Məmməd Cəfər-115” adlı kitab sərgisi açılıb

09-05-2024

Bu  il görkəmli ədəbiyyatşünas və tənqidçi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanın Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmməd Cəfər Zeynalabdin oğlu Cəfərovun anadan olmasının 115 illiyi tamam olur. O, 9 may 1909-cu ildə Naxçıvan şəhərində anadan olub.

Akademik Məmməd Cəfər Cəfərov ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr edib, ədəbiyyatın tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr və eləcə də estetikanın aktual məsələlərinə dair fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirib. Onun geniş əhatəli elmi irsində Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və Səməd Vurğun kimi qüdrətli söz ustalarının yaradıcılıqlarının fəlsəfi-estetik mahiyyətini dünya ədəbi təcrübəsi ilə vəhdətdə dolğun şərh edən, yüksək elmi-nəzəri ümumiləşdirmə gücünə malik əsərləri xüsusi yer tutur.

Akademik Məmməd Cəfərin  elmi yaradıcılığına nəzər saldıqda aydın olur ki, görkəmli elm xadimi yalnız Azərbaycan ədəbiyyatı ilə bağlı məsələlərlə məşğul olmayıb, həm də dünya ədəbiyyatında, xüsusilə rus ədəbiyyatında gedən proseslərə diqqət yetirib. Onun “Rus ədəbiyyatı tarixi oçerkləri”, “Aleksey Nikolayeviç Ostrovski”, “A.İ.Gertsen”, “Azərbaycan-rus ədəbi əlaqələrinin tarixindən”, “Rus klassikləri”, “T.Şevçenko: (həyat və yaradıcılığı)”, “N.A.Nekrasov”, “Anri Barbüs”, “Nikolay Qavriloviç Çernışevski”, “Vissarion Qriqoryeviç Belinaski”, “Çernışevskinin estetik görüşləri”, “Anna Karenina”, “Puşkin və Azərbaycan mədəniyyəti”, “Böyük rus yazıçısı” kimi kitab və məqalələri qeyd etdiyimiz fikrin əyani sübutudur.

Azərbaycan ədəbiyyatında romantizm cərəyanının təşəkkülü və inkişafının ilk müfəssəl tədqiqi Məmməd Cəfər Cəfərovun adı ilə bağlıdır.

Pedaqoji sahədə uzun müddət uğurla çalışan və qiymətli dərsliklər müəllifi olan alim, həmçinin elmi kadrların hazırlanması istiqamətində təqdirəlayiq fəaliyyət göstərib.

Milli Kitabxanada akademikin ildönümü ilə əlaqədar  “Akademik Məmməd Cəfər-115” adlı geniş kitab sərgisi açılıb.

Sərgidə alimin  Azərbaycan və Avropa klassik ədəbi irsi,  ədəbiyyatşünaslıqla bağlı tədqiqat əsərləri, ali məktəblər üçün dərs vəsaitləri,  redaktor, rəyçi olduğu, ön söz yazdığı və yaradıcılığı haqqında kitablar Azərbaycan və rus dillərində nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.

icon

Foto qalereya