08-06-2024
Görkəmli ədəbiyyatşünas alim, tərcüməçi, pedaqoq, nasir, akademik Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü il iyunun 10-da Bakıda anadan olub.
Ədəbi fəaliyyətə 1923-cü ildə “Xızılı Məhəmməd Bağır” imzası ilə “Kommunist” qəzetində çap olunub. “Bədgümanam”, “Belə getsə düzələr”, “Elan”, “Hövsələ”, “Mərsiyə xəbərləri” felyetonlarını “Məğmun Xızılı” imzası ilə “Molla Nəsrəddin” jurnalında dərc etdirib. 1920-1930-cu illərdə mətbuatda şeir və hekayələrlə çıxış edib. Ədibin “Yurdsuz cocuqlar”, “Son bahar təranələri”, “Brodskinin boyaları”, “Təyyarə və mən”, “İki nəşədən biri”, “Həvəs” şeirləri, “Son izdivac”, “Arakəsmə”, “Mal həkimi”, “Tar çalınır” hekayələri müxtəlif qəzet və jurnallarda işıq üzü görüb, maraqla qarşılanıb.
Bədii yaradıcılıqla yanaşı, müntəzəm olaraq Məmməd Arif dünya klassiklərinin əsərlərindən bədii tərcümələr edib. Azərbaycan oxucuları rus ədəbiyyatının korifeylərindən L.Tolstoyun "Hərb və sülh", N.Ostrovskinin "Polad necə bərkidi", M.Qorkinin "Dankonun ürəyi", "Makar Çudra", dünya ədəbiyyatından M.Servantesin "Don Kixot" və s. kimi bədii əsərlərini Məmməd Arifin tərcüməsində oxuyur.
Məmməd Arif Azərbaycan ədəbiyyatı tarixinin yaradıcılarından biridir. Azərbaycan, rus və dünya xalqları klassik ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, ədəbi-mədəni əlaqələr onun əsas tədqiqat obyekti olub. İkicildlik “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”, “Azərbaycan sovet ədəbiyyatı tarixi oçerki”nin müəlliflərindən biridir. 1932-ci ildən başlayaraq onun digər müəlliflərlə birgə yazdığı ədəbiyyat dərslikləri 50 ildən artıqdır ki, dönə-dönə çap olunub, məktəblərdə tədris olunur.
Görkəmli ədəbiyyatşünas alimin doğum günü ilə əlaqədar Milli Kitabxanada “Akademik Məmməd Arif Dadaşzadə - 120” adlı geniş kitab sərgisi açılıb.
Sərgidə alimin ədəbi irsi, ədəbiyyatşünaslıqla bağlı tədqiqat əsərləri, ali məktəblər üçün dərs vəsaitləri, redaktoru olduğu kitablar, dünya ədəbiyyatından tərcümələri, həyat yolu və yaradıcılığı haqqında ədəbiyyatlar Azərbaycan və xarici dillərdə nümayiş olunur.
Sərgi 1 həftə davam edəcək.