18-05-2024
18 may tarixi dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədi ilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir.
Bu günün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir. Beynəlxalq Muzeylər günündə insanlar muzeyləri gəzərək milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirir. Qədim əsərlər, sənədlər bizə keçmişdə yaşayan insanların düşüncələri, inancları, yaşayışları, qabiliyyətləri haqqında məlumat verir. Keçmişi öyrənərək bugünü anlamağımıza kömək edir.
Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır. Həmin gün bütün muzeylərimizdə bu peşə bayramı qeyd edilir.
Milli Kitabxanada bu günlə əlaqədar “18 may - Beynəlxalq Muzeylər Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr tam mətnləri ilə nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_Muzeyler_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi kitab sərgisində isə dünya muzeyləri, xüsusən Azərbaycan muzeyləri haqqında. eləcə də muzey işi ilə bağlı kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.
Ənənəvi kitab sərgisi 1 həftə davam edəcək.