Azərbaycan musiqişünaslıq elmində özünəməxsus yeri olan görkəmli alimlərimizdən biri, Azərbaycanın xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabovun anadan olmasının 85 ili tamam olur.
Ramiz Fərzulla oğlu Zöhrabov 2 may 1939-cu ildə Bakıda anadan olub. 1947–1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki orta ixtisas musiqi məktəbində, 1958–1960-cı illərdə Konservatoriyanın ifaçılıq fakültəsinin simli alətlər şöbəsində təhsil alan Ramiz Zöhrabov 1965-ci ildə Konservatoriyanı musiqişünaslıq ixtisası üzrə bitirib.
1983-cü ildə Moskvada, 1991-ci ildə Təbrizdə nəşr edilən “Azərbaycan təsnifləri”, “Azərbaycan zərbi-muğamları”, “Muğam”, “Bəstəkarlarımızın portreti”, “Rast muğam dəstgahının nəzəri əsasları”, “Çahargah” muğamının nəzəri əsasları” kitabları Azərbaycan musiqişünaslıq elminin diqqətəlayiq nümunələrindəndir. Professor Ramiz Zöhrabov həmçinin “Azərbaycan musiqi ədəbiyyatı”, “Şifahi ənənəli Azərbaycan professional musiqisi” adlı dərsliklərin də müəllifidir.
Musiqi yaradıcılığı ilə məşğul olan R.Zöhrabov xalq çalğı alətləri orkestri üçün “Bayram lövhələri”, “Uşaq səhnələri”, “Ərdəbil lövhələri” süitaları, instrumental pyeslərini yazıb. Müəllifin müxtəlif mahnıları məşhur müğənilər, uşaq xoru və solistlər tərəfindən maraqla ifa olunub.
Musiqi mədəniyyətimizin öyrənilməsi və təbliğinə mühüm töhfələr verən sənətkar "Əməkdar incəsənət xadimi", "Xalq artisti" fəxri adlarına, “Şöhrət” ordeni və “Humay” milli mükafatına layiq görülüb.
Professor Ramiz Zöhrabovun 85 illik yubileyi ilə əlaqədar Milli Kitabxanada "Xalq artisti Ramiz Zöhrabov" adlı geniş kitab sərgisi hazırlanıb.
Sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın əsərlərinin not yazıları, monoqrafiyaları, tərtibçi, ön söz, elmi redaktor və rəy yazdığı, həyat və yaradıcılığına həsr olunmuş kitablar Azərbaycan və rus dillərində nümayiş olunur.
Sərgi 1 həftə davam edəcək.