27-12-2024
Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illi tamam olur.
Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır.
XX yüzilliyin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı, M.Ə.Rəsulzadənin də inandığı kimi, milli bayrağın torpaqlara deyil, millətin vicdanına enmiş olduğunu, hər kəsin bu bayrağı ruhunda, qəlbində və bağrında mühafızə etməkdə olduğunu sübut etdi.
Milli Kitabxananın əməkdaşları tərəfindən “Məhəmməd Əmin Rəsulzadə-140” adlı elektron məlumat bazası hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Azərbaycanın yazıçı və şairləri haqqında fikirləri”, “Görkəmli şəxsiyyətlər M.Ə.Rəsulzadə haqqında”, “Görkəmli şəxsiyyətlər haqqında fikirləri”, “Əsərləri”, “Haqqında”, “Fotoqalereya”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Videoqalereya” bölmələrindən ibarətdir. Bazada təqdim olunan sənədlər tam mətnləri ilə verilib.
Elektron Məlumat Bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/M.E.Resulzade/index.html linkindən istifadə edə bilər.