13-05-2016
May ayının 13-də Argentina Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Carlos Dante Riva və katib Gisandro Basiliko Milli Kitabxanada olmuşlar.
Qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov qəbul etmişdir. K.Tahirov kitabxana haqqında qısa məlumat verdikdən sonra ötən il Argentina Milli Kitabxanasının direktorunu IV Bakı beynəlxalq kitab sərgisinə dəvət etdiyini, müəyyən səbəblərdən cənab direktorun Bakıya gələ bilməməsini və milli kitabxanalar arasında razılaşdırılmış ikitərəfli qarşılıql əməkdaşlıq barədə Memorandumun imzalanma mərasiminin təxirə salındığını bildirdi.
Cənab səfir bu görüşün əlaqələrin qurulacağına təkan verəcəyini söylədi. O, Tərcümə Mərkəzi ilə birgə Azrgentina yazıçılarının əsərlərinin Azərbaycan dilinə tərcümə olunaraq çap olunduğunu dedi və həmin kitabın təqdimatının Milli Kitabxanada keçirilməsini təklif etdi. Bu tədbirin əlaqələrin qurulmasının ilkin addımı olacağını vurğuladı. Təqdimatın Milli Kitabxanada keçirilməsini K.Tahirov məmuniyyətlə qəbul etdi.
Qonaqlara Azərbaycan Milli Kitabxanası “Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), Azərbaycanın mədəniyyət obyektlərini özündə əks etdirən xəritə və Azərbaycan ədəbiyyatı kitabları təqdim edildi.