close
icon E-kataloq və kitabxana

Malayziyalı qonaq Milli Kitabxanada olub

05-05-2022

Mayın 5-də Malayziyalı deputat, Selanqor əyalətinin kitabxanasının müdiri Maszlee Malik Milli Kitabxanada olub. Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonaqları qəbul edərək onları kitabxanada görməkdən şad olduğunu bildirib.

Malayziyalı deputat Maszlee Malik Azərbaycan Milli Kitabxanasına daha öncə gəlmək istədiyini, lakin görüşün bu günə təsadüf etdiyini bildirib. Qonaq vurğulayıb ki, kitabxanaya gəlməzdən öncə Azərbaycan Milli Kitabxanası haqqında kiçik araşdırma edib. Azərbaycan Milli Kitabxanası – onun tarixi, fondu, beynəlxalq əlaqələri barədə məlumat toplayıb. O, bildirib ki, araşdırma nəticəsində Azərbaycan Milli Kitabxanasının dünyanın 60-a yaxın ölkəsi ilə beynəlxalq əlaqəsinin olmasının şahidi olub. Malayziya və Azərbaycan Milli Kitabxanaları arasında gələcəkdə qarşılıqlı əməkdaşlığa dair Memorandumun imzanlaması təklifini irəli sürüb. Vurğulayıb ki, inanıram ki, gələcəkdə imzalanacaq anlaşma memorandumu kitabxanalarımız arasında əlyazma, çap kitablarının mübadiləsi, eləcə də qarşılıqlı təcrübə mübadiləsinə təkan verəcək.

Sonra Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonaqlara Milli Kitabxana haqqında ümumi məlumat verərək bildirib ki, Azərbaycan Milli Kitabxanası ölkədə ən böyük kitabxanalardan biridir. O, bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əlaqələr genişlənir. Malayziya və Azərbaycan Milli Kitabxanaları arasında əlaqələrin olduğunu vurğulayaraq bildirib ki, 2017-ci ildə Malayziya Milli Kitabxanasının direktoru V Bakı Beynəlxalq Kitab Sərgi – Yarmarkası çərçivəsində Azərbaycan Milli Kitabxanasında olub. Direktor onu da vurğulayıb ki, 2019-cu ildə özünün Malayziyaya səfəri olduğunu, lakin pandemiya səbəbindən bunun gerçəkləşmədiyini qonaqların diqqətinə çatdırıb. Daha sonra K.Tahirov qonaqlara Milli Kitabxananın “Beynəlxalq Əməkdaşlıq Zalı” haqqında məlumat verərək bildirib ki, inanıram ki, gələcəkdə imzalanacaq anlaşma memorandumundan sonra həmin guşədə Malayziya ədəbiyyatı da öz layiqli yerini tutacaqdır. Həmçinin, o, qeyd edib ki, Milli Kitabxananın “Xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi” şöbəsində Malayziyaya dair ədəbiyyat azdır. Gələcəkdə qarşılıqlı kitab mübadiləsi nəticəsində bu rəqəmin artacağına inandığını bildirib.

Milli Kitabxananın direktoru Kərim Tahirov “Azərbaycan Milli Kitabxanası: fotoalbom” və “Salam Azerbaijan” adlı kitabları qonağa bağışlayıb.

Sonda qonaqlar Milli Kitabxana ilə yaxından tanış olublar. Kitabxananın “Heydər Əliyev guşəsi”, “Beynəlxalq əməkdaşlıq zalı”, “Nadir kitablar və kitabxana muzeyi” bölmələrində xatirə şəkili çəkdirib və kitabxana fondu ilə tanış olublar.

 

icon

Foto qalereya