23-05-2024
Mayın 20-dən 23-dək Azərbaycan Milli Kitabxanasının Treninq Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Abşeron -Xızı və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarələrinin tabeliyində olan Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri üçün keçirilmiş KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar növbəti treninqin müdavimlərinə sertifikatlar təqdim olunub.
4 günlük treninqdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Sumqayıt şəhər, Abşeron və Xızı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemləri, həmçinin Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan Mərkəzləşdirilmiş Kitabxana Sistemlərindən ümumilikdə 8 nəfər mütəxəssis iştirak edib.
Azərbaycan Milli Kitabxanasının direktoru, prof. Kərim Tahirov mütəxəssisləri salamlayaraq KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin perspektivləri haqqında danışıb, treninqə qatılmış mütəxəssislərə dərhal işə başlamağı tövsiyə edib, onlara uğurlar arzulayıb.
Qeyd edək ki, treninq çərçivəsində müdavimlərə proqramın ümumi quruluşu, modulları, ayrı-ayrı bölmələri, eləcə də bütün iş funksiyaları tədris olunub.
Sonda müdavimlərə sertifikatlar təqdim edilib.