02-02-2015
Fevral ayının 2-də İtaliya Sandro Teti Editore Nəşriyyat evinin direktoru cənab Sandro Domenico Teti Azərbaycan Milli Kitabxanasında olmudur. Görüşdə məqsəd Azərbaycan Milli Kitabxanasını hər il İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq kitab sərgi yarmarkasında iştirakını təmin etmək idi.
Sərgi yarmarka haqqında ətraflı məlumat verən cənab Teti hər il keçirilən bu beynəlxalq kitab sərgisinin əhəmiyyətindən geniş bəhs etmişdir. Görüş zamanı Milli Kitabxananın direktoru prof. Kərim Tahirov Azərbaycan Milli Kitabxanasının sərgi yarmarkaya dəvət olunmasını yüksək qiymətləndirmiş və may ayının 14-də rəsmi açılışı olacaq sərgi yarmarkada Azərbaycanı tanıtmaq məqsədilə bu işdə əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.
Görüşdə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və İtalya Sandro Teti Editore Nəşriyyat evi arasında əməkdaşlıq barədə qarşılıqlı Müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən Sandro Teti Editore Nəşriyyat evi 2015-ci il Beynəlxalq Turin Kitab Yarmarkasında Azərbaycan Milli Kitabxanasını təmsil edən Azərbaycan təmsilçilərinə “Xüsusi qonaq ölkə” qismində 50 m2 ekspozisiya sahəsi ayrılması və sərgi çərçivəsində bir sıra tədbirlərin, o cümlədən kitab təqdimatlarının keçirilməsi işinin təşkil edəcəkdir. Təşkilati məsələlər və Milli Kitabxana adından Turin kitab yarmarkasının rəhbərliyi ilə əlaqə yaradacaqdır. Cənab Teti “Xüsusi qonaq ölkə” kimi Azərbaycanın qeydiyyatını aparacaq, bütün məsələləri idarə edəcək, Azərbaycan tərəfinin yerləşəcəyi sahənin alınması ilə məşğul olacaq, 2 nümayəndəni bu işlərə cəlb edəcək və tədbir zamanı Yarmarkada Azərbaycan Respublikası nümayəndə heyətini rus və ingilis dilli köməkçilərlə təmin edəcəyini bildirmişdir.
K.Tahirov Turin sərgi yarmarkasında 300-dən artıq kitabla iştirak edəcəyimizi, sərginin davam edəcəyi 4 gün müddətində Azərbaycan haqqında filmin nümayiş olunacağını, 3 yeni kitabın təqdimatının keçiriləcəyini, tədbir zamanı Azərbaycanın mədəniyyəti, incəsənəti, turizmi, mətbəxi, idmanı və s. haqqında kitabların və bukletlərin paylanacağını bildirmişdir. Söhbət zamanı cənab Teti bildirmişdir ki, məşhur rus musiqiçisi Mstislav Rostropoviçin və tanınmış sovet fiziki, Nobel mükafatçısı Lev Davidoviç Landaunun Bakıda döğulmaları haqqında italyanlarda heç bir məlumat yoxdur. Kərim Tahirov onların yaşadıqları evlərin qarşısında qoyulmuş barelyeflərin şəkillərini və video görüntülərini də gətirəcəklərini bildirmişdir.
Cənab Teti hazırlıq işlərinə başlamaq üçün mart ayında baş tutacaq növbəti görüşdə Azərbaycan üçün ayrılmış ərazinin sxemini gətirəcəyini bildirmişdir.