10-10-2024
XX əsrin tanınmış ziyalılarından biri, görkəmli şərqşünas alim, ədəbiyyatşünas, tərcüməçi, ictimai xadim, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.
Bütün elmi fəaliyyətini Şərq mədəniyyəti və ədəbiyyatının tədqiqinə sərf edən və özündən sonra zəngin yaradıcılıq irsi qoyan Aida xanım ilk qadın şərqşünas və ərəbşünas alim, Azərbaycan ərəb ədəbiyyatşünaslığı məktəbinin yaradıcısıdır. Məhz onun sayəsində 1966-1992-ci illərdə gənc kadrlar şərqşünaslıq üzrə əsl mütəxəssis kimi formalaşıb və Şərq ədəbi tarixinin, mədəniyyətinin tədqiqinə böyük töhfələr verib.
Görkəmli şərqşünas alim Aida İmanquliyeva "Qələmlər birliyi" və Mixail Nüaymə”, "Cübran Xəlil Cübran", "Yeni ərəb ədəbiyyatının korifeyləri" fundamental əsərlərin, ərəb ədəbiyyatı ilə bağlı neçə-neçə tədqiqatların, yerli və xarici nəşrlərdə dərc olunan çoxsaylı elmi-nəzəri məqalələrin müəllifidir. Bütün elmi fəaliyyətini Azərbaycan şərqşünaslıq elminin beynəlxalq səviyyədə tanınmasına sərf edən Aida İmanquliyeva Moskva, Küveyt, Poltava, Sankt-Peterburq, Düşənbə, Tbilisi, Hamburq və digər şəhərlərdə keçirilmiş elmi konfranslarda məzmunlu məruzələrlə çıxış edib.
Professor Aida İmanquliyevanın elmi-ədəbi yaradıcılığında səciyyəvi cəhətlərdən biri də peşəkar tərcüməçi olmasıdır. Aida xanım ərəb ədəbiyyatının görkəmli nümayəndələri olan Mixail Nuaymənin, Mahmud əz-Zahirin, Məhəmməd Dibin, Sahib Camalın, Süheyl İdrisin, Macid Zeyyib Ğənəmanın hekayələrini Azərbaycan dilinə tərcümə etmiş, bu tərcümələrdə o dövrün ruhunu, düşüncə tərzini, mədəni mühitini çox böyük bacarıqla əks etdirmişdir. İraq yazıçısı Mahmud əz-Zahirin "Boğulmuş hıçqırıqlar" adlı hekayəsi, eləcə də Şərq xalqlarının bir çox görkəmli nümayəndələrinin əsərləri məhz Aida xanım tərəfindən Azərbaycan dilinə tərcümə edilib.
Görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın doğum günü münasibətilə Milli Kitabxanada “Görkəmli şərqşünas alim Aida İmanquliyeva” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə görkəmli şərqşünas alim Aida İmanquliyevanın əsərləri, haqqında əsərlər, dövri mətbuat səhifələrində dərc olunan məqalələr və fotolar təqdim olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Serqsunas_alim_Aida_Imanquluyeva/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə alimin əsərləri, fundamental elmi tədqiqatları, dəyərli, sanballı monoqrafiyaları, tərcümələri, həyatı və genişmiqyaslı, sanballı elmi yaradıcılığı haqqında, şərqşünaslıq elminin inkişafındakı xidmətlərindən bəhs edən Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Ənənəvi sərgi 1 həftə davam edəcək.