01-07-2022
İyulun 1-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının nümayəndələri Milli Kitabxanada olublar. Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov rəhbərlik etdiyi Akademiyanın Azərbaycan Milli Kitabxanası ilə birgə son illər ərzində həyata keçirdiyi tədbirlərdən söz açaraq həm Ulu Öndər Heydər Əliyevin bir vaxtlar Milli Kitabxanada olarkən həmin kitabxanaya hədiyyə etdiyi kitabların sərgisinin təşkili, həm də Gömrük Akademiyasında keçirilən görüşlərin şəxsi heyətin mənəvi tərbiyəsində və mütaliəyə həvəsinin yüksəldilməsində böyük rol oynadığını bildirərək gələcək əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə böyük ehtiyac olduğunu vurğulamışdır. Buna görə də ikitərəfli əməkdaşlığın əsas istiqamətlərinin müzakirəsi məqsədilə gəldiklərini bildirmişdir.
General-mayor Qulu Novruzov həmçinin, son vaxtlar Gömrük Akademiyasının tələbələrinə və müəllim heyətinə kitabxana-informasiya xidməti ilə bağlı görülən işlərdən, eləcə də bu xidmətə tətbiq olunan innovativ yeniliklərdən bəhs edərək tələbə və müəllim heyətinin Milli Kitabxananın elektron bazasında olan nəşrlərdən səmərəli istifadə etmələrini təmin etmək üçün köməklik göstərilməsini xahiş edərək eyni zamanda öz tərəflərindən Milli Kitabxanaya istənilən məsələlərdə dəstək göstərəcəyini bildirib.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov bu görüş üçün Qulu Novruzova və rəhbərlik etdiyi heyətə təşəkkür edərək, Milli Kitabxananın oxucularının əksərinin tələbə-gənclər olduğunu vurğulayıb. Və Dövlət Gömrük Komitəsi Akademiyası ilə keçirilən bir sıra tədbirlərin kitabxanaçılarımız üçün də səmərəli olduğunu qeyd edib. Direktor bundan sonra da Dövlət Gömrük Komitəsi Akademiyası ilə birgə tədbirlər təşkil etməyə, həmin akademiyanın tələbə-müəllim heyətinə Milli Kitabxananın fondunda olan açıq elektron resurslardan istifadəni təmin etməyə hazır olduqlarını bildirib.
Qarşılıqlı müzakirə zamanı Milli Kitabxananın elektron bazasında olan və “Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun imkan verdiyi səviyyədə kitabxananın bütün açıq elektron resurslarının Dövlət Gömrük Komitəsi Akademiyasının tələbə-müəllim heyəti üçün əlçatan olmasını təmin etmək barədə qarşılıqlı əməkdaşlığa dair müqavilənin imzalanması və bu müqavilədə göstərilən məsələlərin, həmçinin digər əlaqədar məsələlərin öz əksini tapması qərar alınıb.
Sonda Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovun Milli Kitabxananın akademiya ilə birlikdə həyata keçirdiyi səmərəli xidmətlərinə görə, eləcə də Ekspert Komissiyasının sədri kimi kitab və digər çap məhsullarının ölkədən çıxarılması və ölkəyə gətirilməsi işlərinin təşkilində Dövlət Gömrük Komitəsi ilə birgə səmərəli fəaliyyətinə görə Dövlət Gömrük Komitəsinin sədrinin əmrilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edildiyini bildirmiş və yubiley medalını prof. Kərim Tahirova təqdim etmişdir.
Bu təltif üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyevə və Gömrük Akademiyasının rəhbərliyinə təşəkkür edən K.Tahirov həm Dövlət Gömrük Komitəsi, həm də Gömrük Akademiyası ilə qarşılıqlı əlaqələrdən məmnun olduğunu və gələcək birgə fəaliyyətə hazır olduqlarını bildirmişdir.
Sonda Gömrük Akademiyası və Milli Kitabxana tərəfindən qarşılıqlı kitab hədiyyə olunması mərasimi olmuşdur.