24-08-2023
Tədbiri giriş sözü ilə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq Çin Xalq Respublikasının ölkəmizə təyin olunmuş səfir müşaviri Ding Tao və Huzhou Universitetinin professoru Tsin Pei Hua başda olmaqla qonaqları salamladı. O, qonaqlara Azərbaycan Milli Kitabxanasının tarixi haqqında məlumat verərək, Çin Milli Kitabxanası ilə qarşılıqlı beynəlxalq əməkdaşlıq fəaliyyətindən söz açdı. Natiq hər iki ölkənin milli kitabxanalarının imzaladıqları memorandum əsasında Azərbaycan Milli Kitabxanasının Beynəlxalq əməkdaşlıq zalında Çin daimi guşəsinin açıldığını, guşədə nümayiş olunan kitabların Çin Xalq Respublikasının ölkəmizdəki Səfirliyi və ya qonaqların Milli Kitabxanaya hədiyyə etdikləri kitablarla daim yeniləndiyini vurğuladı. Direktor Çin Milli Kitabxanasında da Azərbaycan daimi guşəsinin açılacağını qonaqların diqqətinə çatdırdı.
Professor Tsin Pei Xua tədbir iştirakçılarını salamlayaraq, Milli Kitabxanada olmaqdan məmnun olduğunu bildirdi. Milli Kitabxanaya hədiyyə edəcəyi kitablar vasitəsilə oxucuların Çin mədəniyyəti, tarixi haqqında məlumat əldə edəcəklərinə əmin olduğunu söylədi. Professor Çin Xalq Respublikası Səfirliyi adından Kərim Tahirov başda olmaqla Milli Kitabxananın əməkdaşlarına öz təşəkkürünü bildirdi.
Qonaqlar Milli Kitabxanada yerləşən “Tələbə gənclərə xidmət zalı” və “Nadir kitablar və kitabxana muzeyi” ilə tanış olmuşlar. “Nadir kitablar və kitabxana muzeyi” şöbəsində mühafizə olunan kitablar xüsusilə onların diqqətini cəlb etmişdir.
Sonda qonaqlara “Azərbaycan Milli Kitabxanası” fotoalbomu, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” kitabı və “Azerbaijan in the old and present times” xəritəsi təqdim olundu.