19-04-2022
Aprelin 19-da Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə görkəmli özbək ədəbiyyatşünası Babaxan Şərifin müəllifi olduğu “Ədalət yolunu işıqlandıran ədəbiyyat” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq ilk öncə qonaqları salamlayıb. O, qeyd edib ki, bu gün Milli Kitabxanada çox gözəl bir tədbirə Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin dərinləşməsində və türk dövlətləri arasında dostluq əlaqələrinin möhkəmlənməsində əvəzsiz xidmətləri olan görkəmli özbək yazıçısı Babaxan Şərifin yeni nəşr olunan “Ədalət yolunu işıqlandıran ədəbiyyat” kitabının təqdimat mərasiminə toplaşmışıq. Direktor vurğulayıb ki, Babaxan Şərif Azərbaycan-özbək xalqları əsasında dostluq münasibətlərinin qurulmasında çox mühüm işlər həyata keçirib. Babaxan Şərif Özbəkistan-Azərbaycan ədəbi-elmi əlaqələrinin inkişafında önəmli rola malik ziyalılardandır. Onun həyatının böyük hissəsi elmi, ədəbi tərcümə yaradıcılığı ilə, kitabla, ədəbiyyatla bağlı olub. O, vurğulayıb ki, “Ədalət yolunu işıqlandıran ədəbiyyat” kitabı Azərbaycan ədəbiyyatının təbliğinə həsr olunub. Çıxışı zamanı K.Tahirov Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin qurulmasında mühüm xidmətləri olan Özbəkistan Respublikasında fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova və bu günki tədbirin Milli Kitabxanada keçirilməsində yaxından iştirak edən Qənirə Paşayevaya öz təşəkkürünü bildirib.
Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva çıxış edərək ilk öncə böyük ustad və şəxsiyyət Babaxan Şərifi Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. O, qeyd edib ki, bir neçə il öncə Babaxan müəllimin 70 illik yubileyini Azərbaycanda keçirmişdik. Həmin yubiley tədbirləri zamanı “Özbək-Azərbaycan” lüğətinin də təqdimatının keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. Qənirə xanım vurğulayıb ki, ustad Babaxan Şərifin ən böyük arzularından biri Şuşanı görmək idi ki, bu yaxınlarda o, Şuşada səfərdə olub və orada Xurşidbanu Natəvanın keçirdiyi ədəbi məclisin kiçik bir formasını təşkil edib. Vurğulayıb ki, mən inanıram ki, Şuşa ziyarətindən sonra Babaxan müəllimin yaradıcılığında bu istiqamətdə yeni işlərin şahidi olacağıq. Çıxışı zamanı Qənirə xanım Paşayeva Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin qurulmasında böyük xidmətləri olan Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qeyrət Məcidə və Özbəkistan Respublikasında fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova öz minnətdarlığını bildirib. Son olaraq Qənirə xanım Babaxan Şərifi yeni kitabı münasibətilə təbrik edərək ona yaradıcılıq uğurları, yeni-yeni kitablarının nəşr olunmasını arzulayıb.
Özbəkistan Respublikasında fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək bildirib ki, çox sevindirici haldır ki, bu gün Milli Kitabxanada belə bir tədbirə – Babaxan Şərifin müəllifi olduğu “Ədalət yolunu işıqlandıran ədəbiyyat” kitabının təqdimat mərasiminə toplaşmışıq. O, bildirib ki, bir neçə gün öncə Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada iki əsrdən sonra tarixi şairlər məclisini təşkil etdik. Həmin tədbirdə Azərbaycan Yazıçılar Birliyindən çoxsaylı nümayəndələr, eləcə də xanəndələr, mədəniyyət, incəsənət xadimləri iştirak etdi. Və bu tədbiri biz bu ilin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2022-ci ili “Şuşa İli” elan etməsi ilə əlaqədar keçirdik. Və qərara aldıq ki, gələcəkdə bütün türk dünyasında şairlər məclisini təşkil edək. Çıxışı zamanı o, qeyd edib ki, “Şuşa İli” ərəfəsində Özbəkistanda çoxsaylı tədbirlər – dostluq konsertləri, kitab təqdimatları keçirmişik. Qeyd edib ki, Özbəkistanda Heydər Əliyev adına Mədəniyyət Mərkəzi fəaliyyətə başlıyarkən əsas qayəsi Azərbaycan ədəbiyyatının təbliği istiqamətində olub və ilk olaraq Nizami Gəncəvi əsərlərinin özbək dilinə tərcümə işini həyata keçirib. Son olaraq o, bütün bu işlərdə yaxından kömək edən Mədəniyyət Nazirliyinə, Milli Məclisin Mədəniyyət Komitəsinə və Milli Kitabxanaya öz təşəkkürünü bildirib.
Tədbirin davamında Türkiyə Ədəbiyyatı Vəqfinin direktoru Serhat Kabaklı, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qeyrət Məcid; Azərbaycan Yazıçılar Birliyinin sədr müavini,“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid; Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu və digərləri çıxış ediblər.
Öz növbəsində, görkəmli özbək yazıçısı Babaxan Şərif çıxış edərək tədbirin təşkilinə görə əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib.