10-12-2024
Dekabr ayının 10-da Azərbaycan Milli Kitabxanasında Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirilib.
İclasda 7-dən artıq ölkədən nümayəndələr, TÜRKSOY təşkilatı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Şimali Kipr Türk Respublikası və b. ölkələrin milli kitabxana direktorları iştirak edib.
İclası Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq qonaqları salamlayıb. Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Təşkilatının 1993-cü ildə yaradıldığını, bu təşkilatın Türkiyədə, Azərbaycanda, Qazaxıstanda, Qırğızıstanda dəfələrlə iclaslarının keçirildiyini lakin təşkilatın rəsmi şəkildə qeydə alınmadığını bildirib. İclasın əsas məqsədinin təşkilatın gələcək taleyini müəyən etmək, rəsmi qeydiyyata alınmasına aydınlıq gətirməkdən ibarət olduğunu deyib. Təşkilatın əsas vəzifəsinin Türk dünyasının, türkdilli xalqların milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında çox böyük rol oynayan milli kitabxanalarının fəaliyyətinin əlaqələndirilməsi, onların birgə müxtəlif layihələr həyata keçirməsi və türk mədəniyyətininin, irsimizin dünya miqyasında daha geniş təbliğ olunmasından ibarət olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimli çıxışında bu gün bütün türk dünyasının tarixi yaddaşını özündə əks etdirən, onun mühafizi kimi çıxış edən milli kitabxanaların birliyinin təməlinin qoyulduğunu, kitabxana sahəsindəki fəaliyyətin yeni bir dönəmə keçdiyini qeyd edib. Türk dövlətlərini təmsil edən milli kitabxanalar arasında məzmuna köklənmiş, türk ortaq dəyərlərimizin dünya müstəvisində təbliğinə yönəlmiş ciddi və sıx əlaqələrin olduğunu, layihə yönümlü köklü işlər həyata keçirildiyini və Azərbaycan Milli Kitabxanasının bu işdə böyük rolu olduğunu vurğulayıb, türk dünyasını birləşdirən türkdilli dövlətlərin milli kitabxanalarının birliyinin bütün dünya ölkələri üçün nümunə olacağını söyləyib. Mədəniyyət Naziri Adil Kərimli təşkilatın Türk Dünyası Milli Kitabxanalar Birliyi adlandırılmasını, tərkibində isə ali orqan kimi Direktorlar Şurasının yaradılmasını təklif edib, təşkilatın gələcək işinə uğurlar arzulayıb.
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu ötən əsrin 90-cı illərində türk dövlətlərini birləşdirən ilk təşkilatın mədəniyyət nazirlərinin təşkilatı olduğunu, daha sonra TÜRKSOY-un yarandığını söyləyib. Hazırda türk dünyasını birləşdirən müxtəlif fondların olduğunu qeyd edən natiq bu gün kitabxanaların çox böyük işlər gördüyünü söyləyib, kitabxana işçilərinə böyük sevgisini və onların təşkilatlanmasına çox sevindiyini bildirib.
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi sədrinin müavini, millət vəkili Günay Əfəndiyeva Azərbaycanda bu cür mühüm təşkilatın yaranmasına çox sevindiyini söyləyib, Azərbaycan üçün türk dünyasının birləşməsinin böyük əhəmiyyətindən danışıb, qeyd edib ki, türkdilli xalqlar arasında inteqrasiyanı saxlamaq və daha da möhkəmləndirmək lazımdır.
TÜRKSOY Beynəlxalq Mədəniyyət Təşkilatının baş katibi, prof. Sultan Raev təşkilatın yaradılmasını türk mədəniyyətinin zəngin tərəflərini üzə çıxarmaqda böyük addım hesab edərək mədəniyyətin davamlılığını təmin edən kitabxanaların qısa tarixinə toxunub, ölümsüz hafizə, yaddaş mərkəzi olan kitabxanaları zənginləşdirməyin vacib vəzifəmiz olduğunu, mövcud təşkilatın türk dünyasının ortaq dəyərlərini yaşatmaq məqsədi daşıdığını və bu dəyərləri qoruyaraq daha geniş perspektiv təqdim edəcəyini bildirib. Xüsusən əlyazma əsərlərimizin araşdırmacılar üçün əlyetərliyinin təmin edilməsinin vacib istiqamət olduğunu deyib və bu gün lazım olan güclü dayanışmanın təməlinin qoyulduğunu diqqətə çatdırıb.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli türk dünyası ailəsinin qurulması və onun tərkibində isə türk kitabxana və kitabxanaçılarının ailəsinin yaradılması münasibətilə hər kəsi təbrik edib. O, Azərbaycan Milli Kitabxanasının Azərbaycanın əsas mədəniyyət müəssisəsi olmaqla yanaşı, mükəmməl elmi-ideoloji mərkəz olduğunu qeyd edib və kitabxananın bu cür nüfuz qazanmasında prof. Kərim Tahirovun böyük rolunu, onun müstəqillik dövrü kitabxanaçılığının qurulmasında əvəzsiz fəaliyyətini olduğunu vurğulayıb. Natiq iclasın Azərbaycanda keçirilməsini də nəzərə alaraq, ölkəmizin baş kitabxanaçısı, Milli Kitabxananın direktoru prof. Kərim Tahirovun qurulacaq təşkilatın ilk sədri olması təklifini irəli sürüb.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxışında söyləyib ki, kitab bir tərəfdən dil deməkdir, bir tərəfdən dövlət deməkdir. Kitab bizim üçün dildən dövlətə bütün səviyyələr üzrə gedir və bütün bu mütəvazi fəaliyyətlər ilə yanaşı, kitabxanaların üzərinə çox böyük yük düşür. Kitabxanaçıların işi və ümumilikdə kitabla bağlı işin böyük əhəmiyyət təşkil etdiyini bildirən akademik heç bir tərəddüt olmadan bu qurumun təsdiq edilməsini təklif edib və öz müstəqilliyini qorumasını arzulayıb. O, həmçinin təşkilatın adının dəqiq və funksionallığı əks etdirən olmasının mütləqliyini bildirib.
Prof. Sultan Raev və prof. Kərim Tahirov təşkilatın Türk Dünyası Milli Kitabxanalar Birliyi adlandırılmasının gələcəkdə Macarıstan və Monqolustanın, həmçinin Rusiya Federasiyası tərkibində mövcud olan türkdilli respublikaların da bu Birliyə daxil olması üçün açıq qapı rolu oynayacağını, masştabının genişləndirilməsinin vacibliyini bildiriblər, növbəti iclasın Ankarada keçirilməsini təklif ediblər.
Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar genel müdiri, Türkiyə Milli Kitabxanasının direktoru Taner Beyoğlu təşkilatın adına etirazı olmadığını bildirib və 2017-ci ildə 7 ölkənin imzasıyla bir nizamnamənin qəbul olunduğunu, lakin fəaliyyət göstərmədiyini qeyd edib.
Qazaxıstan Milli Kitabxanasının direktoru Bakitjamal Ospanova çıxışında bildirib ki, türk xalqının çoxəsrlik tarixi dünya sivilizasiyası xəzinəsinə daxil olan zəngin mədəni irs və mədəni dəyərə malikdir. Biz savadlı təşkilat yaratmalı, nə etməliyik və nə edə bilərik kimi suallar ətrafında düşünməli, perspektivdə duran işləri bölüşdürməli, peşəkar məsələləri həll etmək məqsədilə hər il görüşməli, eyni zamanda digər xarici dövlətlərlə də mədəni diplomatik əlaqələr qurmalıyıq.
Qazaxıstan Akademik Milli Kitabxanasının direktoru Qaziza Nurqaliyeva Birliyin dəqiq iş planının olmasını, işin sistemli şəkildə həyata keçirilməli olduğunu diqqətə çatdırıb.
Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva qeyd edib ki, biz bu gün tarix yaradırıq. Ötən əsrin 90-cı illərindən biz bu sahədə çalışırıq və birgə addımlayırıq. Gələcək üçün aktiv çalışmalıyıq, fondlarımız bir-birimizə açıq olmalıdır, vahid açıq platforma, vahid elektron kataloqumuz olmalıdır. O, həmçinin müasir müəlliflərin təbliğinin önəmindən danışıb, bu işdə də birgə çalışmalı olduqlarını söyləyib. Natiq bildirib ki, ideyalarımız çoxdur, potensialımız vardır, birlikdə işləmək lazımdır.
Prof. Sultan Raev tərcümə məsələrinə də toxunub, elmi və ədəbi tərcüməyə xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb, tərcümə edilməli olan tələbatlı və lazımi ədəbiyyat məsələsindən danışıb.
Türkiyə Milli Kitabxanasının direktoru Taner Beyoğlu tərcüməçi yetişdirmək məqsədilə artıq 15 ildir ki, ədəbi tərcümə sahəsində də fəaliyyət göstərdiklərini və bu sahədə təcrübələrini bölüşməyə hazır olduqlarını diqqətə çatdırıb.
Qırğızıstan Milli Kitabxanasının direktoru Aynura Askarova mövcud platformanın yaradılmasını və mədəni mübadilə məqsədli bu Birliyin fəaliyyətini dəstəklədiklərini qeyd edib.
Şimali Kipr Türk Cümhuriyyəti Mədəniyyət Mərkəzinin direktoru Ceyhan Özyıldız TÜRKSOY çərçivəsində üfüqlərin genişləndirilməsi məqsədi daşıyan bütün tədbirlərdə iştirak etmək arzusunda olduqlarını söyləyib.
Müşayiətçi qismində iclasda iştirak edən Macarıstan Milli Kitabxanasının baş direktoru David Rozsa Azərbaycan Milli Kitabxanası ilə olan qarşılıqlı əlaqələrdən danışıb. O, Macarıstanın 2018-ci ildə bu əməkdaşlığa qoşularaq, Şərq və Qərb mədəniyyətlərini daha da yaxınlaşdıran bir körpü yaratmağa başladığını, aktiv iqtisadi mövcudluq və çiçəklənən mədəni əlaqələrin altı il ərzində bu əməkdaşlığı müəyyənləşdirdiyini söyləyib. Həmçinin uzunmüddətli müvəffəqiyyət üçün bu təşkilatın mövcudluğunun əhəmiyyətini vurğulayıb, qarşılıqlı faydalı əlaqələr üçün vacib qurum olduğunu söyləyib.
Birliyə prof. Kərim Tahirovun sədrliyi təklif edilib və səsverməyə qoyulan bütün təkliflər qəbul edilərək təsdiq olunub.
Prof. Kərim Tahirov iclasın iştirakçılarına təşəkkür edib, tezliklə təşkilatın əsasnaməsinin razılaşdırılacağını, növbəti iclasın Ankarada keçiriləcəyini diqqətə çatdırıb və gələcək işlərdə hər kəsə uğurlar arzulayıb.
Qazaxıstan Milli Kitabxanasının direktoru Bakitjamal Ospanova Azərbaycan Milli Kitabxanasının fonduna Xoca Əhməd Yəsəvinin tələbəsi olmuş Süleyman Bakırqaninin XVI əsrə aid olan və 2003-cü ildə YUNESCO-nun "Dünya Yaddaşı" proqramı üzrə beynəlxalq reyestrinə daxil edilmiş "Hikmət Həzirət Sultan Əl-Hərifin" adlı əlyazmasının faksimiləsini hədiyyə edib. Bu əsər 393 hikmətdən ibarət olan "Bakırqani kitabı"nın tam versiyasıdır.
Qırğızıstan Milli Kitabxanasının müdiri Aynura Askarova prof. Kərim Tahirova, prof. Sultan Raevə və TÜRKSOY-un əməkdaşı Sabırbek Börübaya Alıkul Osmonov adına Qırğızıstan Milli Kitabxanasının yaranmasının 90 illiyi yubiley medalını təqdim edib.
İclasın davamında təşkilatın bu günə qədər mövcud olduğu, lakin rəsmi olaraq fəaliyyət göstərmədiyi, bu gündən etibarən aktiv şəkildə iştirakın vacibliyi qeyd edilib.
2025-ci ildə Xalq şairimiz Bəxtiyar Vahabzadənin 100 illiyi, Özbəkistan Milli Kitabxanasının yaranmasının 155 illiyi, qazax şair Abay Kunanbayevin 180 illik yubileyinin və digər görkəmli şəxsiyyətlərin yubileylərinin qeyd olunacağı, beynəlxalq kitab sərgilərinin, kitab təqdimatlarının təşkil ediləcəyi və təşkilatın üzvlərinin belə tədbirlərdə bir araya gələrək fəaliyyətlərini daha da genişləndirəcəkləri vurğulanıb.
Bundan başqa, qarşılıqlı mədəniyyət tədbirlərinin, oxu mədəniyyəti günlərinin, elmi seminarların, kitabxanalar arasında təcrübə mübadiləsinin, kitabxana fondlarının tədqiqi və virtual oxu zallarının açılması təklifləri müzakirə olunub.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.