close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasında KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi məqsədilə növbəti treninqə başlanıb

20-05-2024

20 may tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Abşeron -Xızı və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarələrinin tabeliyində olan Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri üçün KOHA  Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının Treninq Mərkəzində növbəti treninqin keçirilməsinə başlanıb.

Qeyd edək ki, treninqin keçirilməsində məqsəd aktiv, sürətlə inkişaf edən və yaxşı strukturlaşdırılmış kod bazasına malik, istifadəçi interfeysi konfiqurasiya edilə və uyğunlaşdırıla bilən, açıq mənbəli, inteqrasiya edilmiş kitabxana sistemi olan KOHA-nın Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kütləvi kitabxanalarda tətbiqinə dəstək olmaqdır.

Treninqi Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq mütəxəssisləri salamlayıb. KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin üstün cəhətlərini vurğulayan direktor proqramın  kitabxanalarda tətbiqinin Azərbaycan Milli Kitabxanasının 850 mindən artıq biblioqrafik yazını əhatə edən elektron resurs fondundan istifadə etmək imkanı yaradacağını bildirib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Sumqayıt şəhər, Abşeron və Xızı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemləri, həmçinin Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan Mərkəzləşdirilmiş Kitabxana Sistemlərindən ümumilikdə 8 nəfər mütəxəssis iştirak edir.

Treninq 23 may tarixinədək davam edəcək.

 

icon

Foto qalereya