04-09-2023
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə 1-3 sentyabr tarixlərində Azərbaycanda ilk dəfə Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçirildi. Şamaxıda başlayan forum sentyabrın 2-i və 3-də Bakıda davam etdi.
Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, millət vəkilləri, elm, ədəbiyyat və mədəniyyət xadimləri və digər qonaqlar iştirak etdilər.
Tədbir zamanı M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirildi.
"Azərbaycanda kitab sənayesi: mövcud vəziyyət və hədəflər", "Ölkəmizin kitab bazarına daxil olan xarici ədəbiyyatın milli dəyərlər və düşüncə sisteminə təsiri", "Kitab satışı sistemi: innovativ həllər və kredit mexanizmləri", "Kitab sənayesinin inkişafına dövlət dəstəyinin mexanizmləri" və "Vətəndaşların ədəbi, elmi və informasiya tələbatının ödənilməsində Azərbaycan Milli Kitabxanasının üzərinə düşən vəzifələr" mövzularında çıxışlar dinlənildi.
Daha sonra Azərbaycan ədəbiyyatına həsr olunan videoçarx nümayiş olundu. Materialda Ulu öndər Heydər Əliyevin ədəbiyyatımıza qayğısını əks etdirən fraqmentlər də yer almışdı.
Çıxışçılar forumu yüksək qiymətləndirdi, layihənin hər il keçirilməsinin vacibliyini qeyd etdilər.
Sonda müzakirəyə çıxarılan mövzular üzrə sual-cavab oldu, xatirə şəkli çəkdirildi.