close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasında “Abbas Səhhət - 150” adlı kitab sərgisi açılıb

24-05-2024

Bu gün görkəmli Azərbaycan şairi, dramaturq, tərcüməçi Abbas Səhhətın 150 illik yubileyi tamam olur.

Abbas Əliabbas oğlu Mehdizadə (Abbas Səhhət) 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya göz açıb. 1900-cü ildə Tehran Universitetinin tibb fakültəsini bitirən və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc Abbas 1901-ci ildə Şamaxıya qayıdır və həkimlik etməklə yanaşı məktəblərdə Azərbaycan dilindən dərs deyib.

Abbas Səhhət ilk şeirini 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc etdirib. 1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şeirləri işıq üzü görür. O, Bakıda nəşr olunan bir çox jurnal və qəzetlərdə mütəmadi olaraq çıxış edib. Dövrü mətbuatdakı çıxışları arasında böyük Azərbaycan şairi, əziz dostu və məsləkdaşı Mirzə Ələkbər Sabir haqqında məqalələri xüsusi yer tutur.

1912-ci ildə şairin şeirlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən tərcümə etdiyi “Qərb günəşi” adlı şeirlər toplusu işıq üzü görür. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, muza və şəhərli” adında romantik poeması nəşr olunur.

Abbas Səhhətin yaradıcılığında Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri duyulur.

"Vətəni sevməyən insan olmaz, olsa da ol kəsdə vicdan olmaz" şeiri ilə yaddaşlarda qalan vətəndaş şair Abbas Səhhət bu mövzuda yazdığı şeirlərlə daha çox tanınıb. Şairin bu məşhur misralarla başlayan "Vətənimdir" adlı şeiri təxminən yüz il əvvəl yazılıb və Vətən sevgisinin ən gözəl ifadəsi sayılan şeirlərdən biridir.

Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı Lermontov, Puşkin, Krılov, Maksim Qorki, Viktor Hüqo və digər şair və yazıçıların əsərlərini Azərbaycan dilinə çevirib.

Qısa, 44 illik ömrü boyu maarifçilik missiyasını layiqincə yerinə yetirən A.Səhhət uşaqlar üçün də şeirlər yazıb: "Ana və baba", "Ata və oğul", "Yay", "Ayı və şir", "Quşlar" və onlarla şeiri bu gün də balaca oxucular tərəfindən sevilə-sevilə oxunur.

Azərbaycan Milli Kitabxanası tərəfindən bu günlə əlaqədar “Abbas Səhhət - 150” adlı geniş kitab sərgisi açılıb.

Sərgidə şairin əsərləri, tərcümələri, sözlərinə bəstələnmiş musiqi notları, həyatı və yaradıcılığı haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar nümayiş edilir.

Sərgi 1 həftə davam edəcək.

icon

Foto qalereya