close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “8 Mart – Beynəlxalq Qadınlar Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

07-03-2022

8 Mart – iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.

Azərbaycanda da 8 Mart – Beynəlxalq Qadınlar Günü geniş qeyd edilir. Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən eyniadlı virtual sərgi hazırlanıb. Virtual sərgidə  tarixdə və müasir Azərbaycanın ictimai-siyasi həyatında iz qoymuş, əhəmiyyətli rol oynamış məşhur qadınlar, onların həyat və yaradıcılığına dair ədəbiyyat, analar, qadınlar haqqında yazılmış kitablar, dövri mətbuat səhifələrində dərc olunmuş məqalələr və fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/8_Mart_Beynelxalq_Qadinlar_Gunu/index.htm  linkindən istifadə edə bilərlər.