23-05-2024
Xalqımızın milli sərvəti, elm, təhsil və mədəniyyət məbədgahı olan Azərbaycan Milli Kitabxanası bir əsrdən çoxdur ki, xalqın xidmətindədir.
Milli Kitabxana Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrlərin, xarici ölkələrdə dərc olunmuş Azərbaycan haqqında və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri və digər məlumat daşıyıcılarını toplayıb mühafizə edən milli mədəniyyət xəzinəsi və dövlət kitabsaxlayıcısıdır.
Kitabxana 1922-ci ildə yaradılıb, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olub. 1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adı verilib. 2004-cü ildə Kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilib ki, bu da Milli Kitabxananın fəaliyyətinə verilən ən yüksək qiymətdir.
Milli Kitabxanada bu gün münasibətilə “23 may – Azərbaycan Milli Kitabxanasının yaranması günü” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə Milli Kitabxananın nəşr etdiyi “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası ilə çap olunan biblioqrafiyalar, “Bərpanəşr” seriyası, “Milli musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” seriyası ilə çap olunan musiqi notları və s. nəşrlər sərgilənir.
Sərgi 1 həftə davam edəcək.