02-05-2018
2 may 2018-ci il tarixində Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası birgə “Zərifə Əliyeva. Biblioqrafiya” kitabının və “Zərifə xanım Əliyeva – 95” adlı elektron məlumat bazasının təqdimat mərasimini keçirmişdir.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlamış, XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan Zərifə xanım Əliyevanın tanınmış ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açdığını, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olduğunu söyləmiş, onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslinin yetişdiyini, elm qarşısında böyük xidmətlərinə, çoxillik elmi tədqiqatlarına görə yüksək fəxri adlara layiq görüldüyünü qeyd etmişdir. Professor “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırlanmış “Zərifə Əliyeva: biblioqrafiya” kitabının daha təkmilləşdirilmiş vəsait olduğunu söyləmiş, tədqiqatçılar üçün zəngin mənbə olacağını vurğulamışdır. O, həmçinin millət vəkili Hüseynbala Mirələmovun 2010-cu ildə Moskvada “Görkəmli adamların həyatı” bioqrafiya seriyasında çap olunmuş “Zərifə Əliyeva” kitabının Bakıda yeni və əlavələrlə dərc olunmuş nəşri haqqında danışmışdır.
Daha sonra alimin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunmuşdur.
Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Vaqif Əliyev Zərifə xanım Əliyevanın elm, təhsil, səhiyyə, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərindən bəhs etmiş, qeyd etmişdir ki, alimin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılmışdır. Nazir müavini həmçinin Milli Kitabxananın son illər biblioqrafiyalaşdırma sahəsindəki fəaliyyətini yüksək qiymətləndirmiş, bu işin uğurlu davamını arzu etmişdir.
Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək demişdir ki, Azərbaycan tibb elmində parlaq iz qoymuş akademik Zərifə xanım Əliyeva bütün fəaliyyəti boyu yüzlərlə insanın gözünə nur bəxş etmiş, səhiyyəmizə böyük töhfələr vermişdir.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov çıxış edərək söyləmişdir ki, akademik Zərifə Əliyeva təkcə öz adını tibb tarixinə yazmamış, eyni zamanda, Azərbaycan oftalmologiyasının adını bütün dünyada ucaltmışdır. Azərbaycan oftalmologiyasını ölkəmizin hüdudlarından çox uzaqlarda da tanıtmış Zərifə xanımın qoyduğu irs bu gün də davam edir və oftalmoloqlar üçün bir örnəkdir.
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, professor Aybəniz Əliyeva-Kəngərli söyləmişdir ki, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuş, oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, dəyərli elmi-tədqiqat işləri yazmışdır.
Azərbaycan Tibb Universitetinin prorektoru, tibb üzrə fəlsəfə doktoru Rauf Bəylərov qeyd etmişdir ki, 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.O, söyləmişdir ki, Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın olmuş, dünyada ilk dəfə olaraq peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərovaçıxış edərək biblioqrafik vəsaitin əhatəliliyindən və əhəmiyyətindən danışmış, vurğulamışdır ki, gərgin zəhmət nəticəsində ərsəyə gələn biblioqrafiya bütün tədqiqatçılar üçün istiqamətverici kitab olacaqdır.
Daha sonra “Prezidentin sərəncamları”, “Bioqrafiyası”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Ana”, “Görkəmli şəxslər Zərifə Əliyeva haqqında”, “Əsərləri”, “Haqqında”, “Zərifə xanım Əliyeva dünya kitabxanalarında”, “Zərifə xanım Əliyeva bədii ədəbiyyatda”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Videoqalereya” və “Fotoqalereya” adlı bölmələrdən ibarət olan“Zərifə xanım Əliyeva – 95” adlı elektron məlumat bazası təqdim edilmiş,zəngin tammətnli baza bütün dünya oxucularının istifadəsinə verilmişdir.
Sonda professor Kərim Tahirov kitabın hazırlanmasında rolu olan əməkdaşlara, iştirak edən bütün qonaqlara təşəkkürünü bildirmiş, Zərifə xanımın parlaq xatirəsinin daim anılacağını, xalqımızın qəlbində əbədi yaşayacağını söyləmişdir.