close
icon E-kataloq və kitabxana

Zərifə Əliyeva – qaranlığa nur saçan zəka

27-04-2018

 

27 aprel 2018-ci il tarixində Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası birgə əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 95 illik yubileyi münasibətilə “Zərifə Əliyeva – qaranlığa nur saçan zəka” adlı kitab sərgisinin açılış mərasimini keçirmişdir.

Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açmış, görkəmli alim, dünya oftalmologiya elminin tanınmış simalarından olmuş Zərifə xanım Əliyevanın bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəldiyini, seçilmiş insanlardan olduğunu söyləmiş, onun Azərbaycanda oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışmışdır. Azərbaycanda göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparmış, yüksək ixtisaslı kadrların hazırlanmasına böyük əmək sərf etmiş görkəmli alimin işıqlı obrazının, parlaq xatirəsinin daim anılacağını vurğulamışdır.

Professor Kərim Tahirov tibb elminin inkişafına böyük töhfələr verən akademiklərimizdən olan Zərifə xanımın yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşdiyini, həyat və fəaliyyətinin müasir gənclər üçün də bir örnək olduğunu söyləmişdir. Direktor Milli Kitabxananın əməkdaşları tərəfindən alimin yubileyi münasibətilə fundamental biblioqrafik vəsait və elektron məlumat bazasının hazırlandığını və yaxın günlərdə təqdimatının keçiriləcəyini qeyd etmişdir.

Direktor müavini Ədibə İsmayılova və şöbə müdiri Aygün Hacıyeva nüfuz qazanmış dövlət xadiminin ailəsində dünyaya göz açmış, zəngin mənəvi mühitdə tərbiyə almış, fəal ictimai xadim, fitri istedada malik olan novator alimin zəngin elmi irsi, tibbi və pedaqoji fəaliyyəti, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, bu sahədə qazandığı nailiyyətlər haqqında çıxış etmişlər.

Sonda tədbir iştirakçıları Milli Kitabxana tərəfindən təşkil olunmuş “Zərifə Əliyeva – qaranlığa nur saçan zəka” adlı alimin Azərbaycan və xarici dillərdə olan əsərləri, haqqında yazılmış əsərlərdən və fotoşəkillərdən ibarət geniş sərgi ilə tanış olmuşlar.