29-01-2019
Yanvar ayının 29-da Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası birgə “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən “İmadəddin Nəsimi – 650” adlı geniş kitab sərgisinin açılış mərasimini keçirmişdir.
Tədbiri Milli Kitabxananın direktoru, prof. Kərim Tahirov açaraq, Nəsiminin yaradıcılığı haqqında məlumat vermiş, söyləmişdir ki, çox mürəkkəb və ziddiyyətli bir inkişaf yolu keçmiş istedadlı sənətkar Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şeirin əsasını qoymuşdur. Direktor qeyd etmişdir ki, Milli Kitabxana da öz növbəsində “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən milli mədəniyyətimizin nümunəsi kimi il ərzində şairin irsinin tədqiqi və təbliği istiqamətində müəyyən işlər həyata keçirəcəkdir.
Kitabxananın direktoru sözü Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Əbülfəs Qarayevə vermişdir. Cənab nazir çıxış edərək söyləmişdir ki, 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilmiş, Cənab Prezidentin tapşırığı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda ilk dəfə ötən il Fondun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan Nəsimi – şeir, sənət və mənəviyyat festivalı reallaşdırılmışdır. Nazir qeyd etmişdir ki, “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən bu il şairin 650 illik yubileyinə həsr olunmuş çoxsaylı tədbirlər nəzərdə tutulur. Şairin dünya miqyasında, beynəlxalq ədəbi aləmdə tanınması istiqamətində çoxlu işlər görülür. Nazir bildirmişdir ki, bu günkü tədbir tamamilə məntiqlidir, çünki bu kitabxana mənəviyyat xəzinəmiz, kitab məbədimizdir və Azərbaycan xalqı üçün bu il müddətində keçiriləcək tədbirlər xalqımızın nə qədər böyük zəngin mədəniyyətə, ədəbiyyata malik olduğunu bütün dünyaya əyan edəcəkdir.
Millət vəkili, akademik Nizami Cəfərov çıxışında söyləmişdir ki, XX əsrin əvvəllərinə kimi Nəsimi haqqında demək olar ki, heç bir məlumatımız olmayıb, onun haqqında elmimiz gec xəbər tutub. Bu böyük mütəfəkkir bizimçün təmiz ana dilimizdir, onun dili saf ana dilidir, bu dil həm də Dədə Qorqudun dilidir. Nəsimi fəlsəfi, poetik “mən”i olan şairdir. Bu “mən”in arxasında onun dili, milli mənliyi, poetikası dayanır. Akademik bildirmişdir ki, bu il Nəsimi yalnız öz coğrafiyasında yad edilməyəcək, həmçinin beynəlxalq səviyyədə təbliğ olunacaq, çoxlu sayda tədqiqat işləri aparılacaq, həm akademik, həm də ümumi ictimai planda işlər görüləcək.
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışında vurğulamışdır ki, Nəsiminin bəxti bir şair kimi həm gətirib, həm də gətirməyib. Gətirməyib ona görə ki, onun əsərləri tədqiqatdan kənar qalıb, lakin XX əsrin əvvəllərində artıq əsərləri Salman Mümtaz tərəfindən toplanaraq çap olunub. Natiq söyləmişdir ki, Nəsimi şair kimi əvəzedilməzdir, anadilli şeirimizin beşiyi başında durur, Azərbaycan ədəbiyyatının çoxəsrlik humanizm ənənələrini öz əsərlərində yaşadır, insanlıq ləyaqətini qorumağa, insanlığı orta əsrlər cəhalətindən uzaqlaşmağa çağırır.
Millət vəkili Qənirə Paşayeva Hələbdə olarkən Nəsiminin məzarını ziyarət etdiyini, tezliklə möhtəşəm məqbərəsinin ucaldılacağını söyləmişdir. O, qeyd etmişdir ki, Fuad Köprülü deyirdi ki, türk millətini tanımaq istəyən Əhməd Yəsəvini oxumalıdır. Cənab Prezident isə bu sərəncamla bütün dünyaya bir mesaj verdi ki, Azərbaycan xalqını tanımaq istəyən Nəsimini oxumalıdır. Millət vəkili vurğuladı ki, kitabxanaya hər gün yüzlərlə gənc gəlir, il ərzində bu sərginin nümayişi, müxtəlif tədbirlərin təşkili Nəsimi irsinin öyrənilməsi və təbliği istiqamətində mühüm rol oynayacaq.
Əməkdar elm xadimi, prof. Qəzənfər Paşayev Nəsimini Azərbaycan fəlsəfi poeziyasının, xüsusən fəlsəfi qəzəlin banisi adlandırdı, 1926-cı ildən Salman Mümtazın kitabı çıxdıqdan sonra Nəsiminin tanındığını qeyd etmişdir. Professor söyləmişdir ki, Azərbaycan ədəbi dilinin inkişafının birinci mərhələsini Nəsimi ilə başlamalıyıq. Natiq şairin qəbrinin 1963-cü ilin noyabrında Rəsul Rza tərəfindən üzə çıxarıldığını, yeganə ayrıca şəkildə çap olunan İraq divanının olduğunu və bura heç yerdə olmayan 14 şeirin daxil edildiyini söyləmişdir. Əsərlərində ümumbəşəri humanist ideyaları təbliğ etmiş, Azərbaycan ədəbiyyatında hürufilik təliminin əsas siması hesab olunan Nəsiminin yaradıcılığı lirik növdə yazılmış məsnəvi, qəsidə, qəzəl, tuyuq, müstəzad, müləmma, tərcibəndlərdən ibarətdir. Nəsimi təkcə Azərbaycan ədəbiyyatında deyil, ümumiyyətlə, islam şərqində ictimai-fəlsəfi şeirin ən böyük nümayəndələrindən sayılır.
AYB-nin katibi İlqar Fəhmi çıxışında bildirmişdir ki, yaradıcılığa aşiqanə şeirlərlə başlayan Nəsimi sonralar dövrün siyasi, ictimai, əxlaqi mövzularında əsərlər yazmış, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi olmuşdur. Ana dilindən başqa ərəb və fars dillərini də bu dillərdə gözəl bədii əsərlər yarada biləcək səviyyədə mükəmməl öyrənmiş, dövrünün elmlərini dərin mütaliə edib, xüsusən dini–fəlsəfi əsərlər və təriqətlərlə daha çox məşğul olmuşdur. Bədii yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələ təşkil edən Nəsiminin qəzəlləri mədəni irsimizin inciləri sırasına daxildir.
Tədbirdə Nəsiminin “Sığmazam” qəzəli videoçarx şəklində nümayiş edilmiş, filologiya üzrə fəlsəfə doktoru, bədii qiraətçi Zülfiyyə Eldarqızı şairin qəzəllərini söyləmişdir.
Sonda tədbir iştirakçıları İmadəddin Nəsiminin əsərləri, əlyazmaları, daşbasma kitabları və haqqında materialların nümayiş olunduğu geniş sərgi ilə tanış olmuşlar.
Sərgi il ərzində ictimaiyyətə açıq olacaqdır.