04-02-2020
04. 02. 2020-ci il tarixində “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” nin IV sinif şagirdləri Azərbaycan Milli Kitabxanasında ekskursiyada olmuşlar. Şagirdlər Milli Kitabxananın binası ilə tanış olmuş, elektron kataloq və elektron kitabxanadan istifadə qaydaları haqqında məlumat almış, iş prosesini izləmişlər.
Kitabxananın sərgi zalında yer almış “Pollad Bülbüloğlu - 75”, “Yaddan çıxmaz Qarabağ” və digər sərgilərlə tanış olmuşlar.
Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində olarkən muzeydə qorunan unikal və miniatür kitablarla tanışlıq onlarda böyük maraq hissi oyatmışdır.
Kitabxananın Not nəşrləri və səsyazmaları söbəsi ilə tanışlıqdan böyük həzz almış, Azərbaycan xalq mahnılarına qulaq asmış, Müslüm Maqomayevin, Polad Bülbüloğlunun ifasında bir sıra mahnılar dinləmişlər.
Uşaqları maraqlandıran suallar Milli Kitabxananın əməkdaşları tərəfindən cavablandırılmışdır.
Şagirdlər Milli Kitabxananın nəzdində fəaliyyət göstərən həftənin bütün günləri fasiləsiz 24 saat ərzində gənclərin və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradan “Açıq Kitabxana” ilə tanış olmuşlar. Uşaqlara Açıq Kitabxanada “Mən oxudum, sən də oxu” kitabı kitaba dəyişmə guşəsi, “Dövri mətbuat” və “Uşaq guşəsi” haqqında məlumat verilmişdir.
Uşaqlara rəhbərlik edən Zəhra müəllimə şagirdlərin Milli Kitabxanadan unudulmaz xoş hisslərlə ayrıldıqlarını xüsusi vurğulamış, gələcəkdə tələbə olaraq kitabxananın oxucusu olmalarını arzulamışdır.