21-12-2018
Dekabrın 21-də Azərbaycan Milli Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı ədib, professor Mir Cəlal Paşayevin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən nəşr olunmuş “Ədəbi tənqid (1931-1974)” və “Publisistika (1926-1977)” kitablarının təqdimat mərasimi keçirildi.
Tədbiri Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəs Qarayev açaraq qonaqları salamladı, çıxışında XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirən böyük alim, ədəbi-bədii, ictimai-fəlsəfi yaradıcılığı ilə ədəbiyyatımızda əsaslı dönüş yaradan mütəfəkkir yazıçılardan və ədiblərimizdən biri olduğunu, XX əsr Azərbaycan ədəbiyyatının bir sıra nailiyyətlərinin bilavasitə onun adı ilə bağlı olduğunu qeyd etdi. Cənab Nazir çıxışında Mir Cəlal Paşayevin əlli illik yaradıcılıq fəaliyyətində görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutduğunu xüsusilə qeyd etdi. Cənab Əbülfəs Qarayev ərsəyə gələn “Ədəbi tənqid” və “Publisistika” adlı bu dəyərli kitabların Mir Cəlal yaradıcılığına, onun ədəbi-bədii irsinə verilən dəyər olduğunu, nazirlik tərəfindən həyata keçirilmiş bu layihənin davamlı olacağını, Azərbaycan xalqının ədəbiyyatının, mədəniyyətinin, görkəmli şəxsiyyətlərin irsinin yenidən tədqiq olunaraq gələcək nəsillərə ötürülməsində xüsusi xidmətləri olacağını bildirdi.
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Millət vəkili, akademik Nizami Cəfərov çıxışında kitabların elmi məslətçisi kimi Mir Cəlalın yaradıcılığında milli tərəqqi, milli müstəqillik, Azərbaycanın Şimalı ilə Cənubunun milli-mənəvi bütövlüyü, milli mədəni irsə sahiblik, milli dilin saflığı, milli ailə ukladının qorunması, gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi, eyni zamanda uğrunda bütün həyatı boyu mübarizə apardığı vətənpərvər və insanpərvər-humanizm kimi mətləblərin daha mühüm yer tutduğunu bildirdi. Akdemik eyni zamanda kitablarda Mir Cəlal Paşayevin indiyədək ayrıca kitab şəklində çap olunmayan ədəbi-tənqidi və publisistik məqalələri külli halında toplanaraq oxuculara və tədqiqatçılara təqdim olunduğunu söylədi.
Xalq yazıçısı Elçin Əfəndiyev çıxışında Mir Cəlal Paşayevlə bağlı çox zəngin xatirələrinin olduğunu, görkəmli ədibin yaradıcı insan kimi ideologiyalara məğlub olmadığını, bu gün də əsərlərinin müstəqil müasir Azərbaycan vətəndaşları tərəfindən sevildiyini xüsusi qeyd etdi. Elçin Əfəndiyev eyni zamanda yazıçının müxtəlif janrlarda qələmə aldığı əsərləri həm mövzu zənginliyi, həm də dil və üslub xüsusiyyətləri ilə diqqəti cəlb etdiyini, sovet sisteminə deyil, ədəbiyyata xidmət etdiyini, pedaqoji fəaliyyətini komsomol və partiya ideologiyasına deyil, Azərbaycan xalqı üçün gərəkli oğullar yetişdirməyə həsr etdiyini bildirdi.
Milli Aviasiya Akademiyasının kafedra müdiri, Xalq şairi Nəriman Həsənzadə Mir Cəlal Paşayevin zəngin publisistikasını və ədəbi-tənqidi məqalələrini əks etdirən bu toplunun ədəbiyyatşünaslığımıza verilən ən böyük töhfə olduğunu bildirdi. Natiq ədibin publisistik məqalələrində cəmiyyətdə təhsil həyatını narahat edən mövzuların yer aldığını söylədi.
BDU-nun kafedra müdiri, professor Cahangir Məmmədli çıxışında XX əsr Azərbaycan ədəbiyyatının böyük tədqiqatçısı, müasir ədəbiyyat nümunələri barədə yazılan saysız məqalələrin müəllifi Mir Cəlal Paşayevin müəllim kimi tələbələrinə doğma münasibətindən danışdı, özündən sonra adlı-sanlı davamçılar yetirdiyini bildirdi. Professor çıxışında hər iki kitabın jurnalistika fakültəsinin tələbələri üçün dərslik kimi də çox faydalı mənbə olacağını, eyni zamanda Mir Cəlal Paşayevin publisistik məqalələrinin klassikləşmədiyini, bu gün də aktual olduğunu söylədi.
Daha sonra filologiya elmləri doktoru, professor Asif Rüstəmli görkəmli ədibin elmi-pedaqoji və ədəbi-bədii yaradıcılığı haqqında geniş söhbət açdı. Professor çıxışında Mir Cəlal Paşayevin “Ədəbi-tənqid” kitabına ön söz yazdığını vurğulayaraq, bu işin böyük məsuliyyət tələb etdiyini, eyni zamanda Mir Cəlal Paşayevin ədəbi-bədii irsinin araşdırılmasında ölkəmizdə və ölkəmizdən kənar arxivlərdə, Gürcüstan Milli Elmlər Akademiyasının arxivində çoxsaylı sənədlərin aşkar etdiyini qeyd etdi.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Alışanlı çıxışında XX əsr Azərbaycan ədəbiyyatı tarixində bir sıra topluların nəşr olunmasının məhz Mir Cəlal Paşayevin adı ilə bağlı olduğunu, eyni zamanda ədibin əsərlərində, ədəbi-tənqidi, publisistik məqalələrində öz əksini tapmış bır sıra ifadələrin sonradan aforizmə çevrildiyini qeyd etdi.
ADPU-nun Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov çıxış edərək Mir Cəlalın publisistikasında gənclərlə əlaqəli mövzulara xüsusi yer ayrıldığını, ədibin yeni dövr ədəbiyyatşünasların yetişməsində, gənc kadrların inkişafında böyük xidmətlərinin olduğunu bildirdi. Professor çıxışında Mir Cəlalın ədəbi tənqidi görüşlərinin bütün zamanı fəth etdiyini, publisistikasında dərin müşahidələr, təhlil, analiz, ədəbi estetik zövqün duyulduğunu söylədi.
BDU-nun professoru İfrat Əliyeva Mir Cəlal Paşayevlə bağlı xatirələrini, xoş təəssüratlarını bölüşdü, Mir Cəlal Paşayevin müəllim kimi fəaliyyətindən geniş söhbət açdı.
“Ədibin evi”nin əməkdaşı Elnur İmanbəyli çıxış edərək “Publisistika” kitabına ön söz müəllifi olduğuna görə qürur hissi keçirdiyini, eyni zamanda görkəmli ədibin publisistik və ədəbi-tənqidi yaradıcılığının küll halında “Ədəbi tənqid” və “Publisistika” kitablarında toplanaraq ictimaiyyətə təqdim olunmasını, Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən həyata keçirilən bu təşəbbüsü yüksək qiymətləndirdiyini və hər iki kitabın ədəbiyyatşünaslar, tədqiqatçılar üçün faydalı olacağını, geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacağını bildirdi.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxışında bu yeni layihənin məqsədinin Azərbaycanın görkəmli elm, mədəniyyət xadimləri haqqında tanıtım nəşrlərinin və onların indiyə kimi çap olunmamış, çox uzun müddət öncə çap olunan və kitabxanalarda az tapılan əsərlərinin yenidən nəşr olunaraq ictimaiyyətə çatdırmaq olduğunu bildirdi. Prof. Kərim Tahirov bu layihənin ilk nəşrlərindən olan “Ədəbi tənqid” və “Publisistika” kitablarında Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin ədəbi-tənqidi və ədəbi-publisistik görüşlərini əks etdirən məqalələrinin küll halında toplanıldığını, eyni zamanda Milli Kitabxananın arxiv fondunda mühafizə olunan dövri mətbuat nəşrlərindən, ölkəmizin digər iri kitabxanalarından, Salman Mümtaz adına Dövlət Mədəniyyət və İncəsənət Arxivinin fondlarından toplanaraq əski əlifba, köhnə latın əlifbasında və kiril qrafikası ilə Azərbaycan dilində nəşr olunmuş materialların əsasında, orijinallığı qorunaraq hazırlanıb, nəşr edildiyini qeyd etdi. Prof. Kərim Tahirov çıxışında geniş oxucu auditoriyasına təqdim olunan bu iki kitabın cəmiyyətimizdə böyük maraqla qarşılanacağını bildirdi.
ADA Universitetinin rektoru, prof. Hafiz Paşayev ədibin ailəsi adından çıxış edərək belə bir layihənin həyata keçirilməsində böyük əməyi olan hər kəsə, xüsusən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Milli Kitabxanasının kollektivinə dərin təşəkkürünü bildirdi.