24-08-2024
Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın doğum günüdür.
Əliyeva Mehriban Arif qızı Bakı şəhərində anadan olub.1981-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.1990-1995-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib.
1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu təsis olunub.1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib.
2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Onun beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika üzrə 2003 və 2004-cü il Dünya Kuboku yarışlarının və 2005-ci il Dünya Çempionatının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb.
2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və milli dövlətçilik ideyalarının təbliği məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir.
2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva UNESСO-nun Xoşməramlı səfiri adına layiq görülüb.
2004-cü ilin dekabrında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.
2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə partiyanın sədr müavinidir.
2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
2005, 2010 və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.
Humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə 2006-cı ilin noyabrında ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
2016-cı ilin iyununda Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib.
2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Bununla əlaqədar 2017-ci il martın 6-da Milli Məclisin deputatı səlahiyyətlərinə xitam verilib.
2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin sərəncamı ilə partiya sədrinin birinci müavini təyin edilib.
2020-ci ildə Azərbaycanın əzəli torpaqlarını işğaldan azad etməsi ilə yekunlaşan 44 günlük Vətən Müharibəsi iştirakçılarına xüsusi diqqət və qayğı göstərən Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələri, əlillər, müharibə veteranları ilə mütəmadi görüşlər keçirir.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu birbaşa onun göstərişləri, tapşırıqları və nəzarəti altında işğaldan azad olunan ərazilərdə Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihələrə başlayıb.
“Heydər Əliyev” ordeni (Azərbaycan Respublikası), “Şərəf Legionu” ordeni (Fransa Respublikası), “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni (Polşa Respublikası), “Hilal-e Pakistan” ali ordeni (Pakistan İslam Respublikası), “Sreten” ordeni (Serbiya Respublikası), “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Küveyt Dövlətinin Fəxri diplomu, Heydər Əliyev Mükafatı, Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru adı, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı fərmanla “Dostluq” ordeni ilə təltif edilib.
Milli Kitabxanada Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mənalı və şərəfli həyat yolundan bəhs edən Azərbaycan və xarici dillərdə ədəbiyyatlardan ibarət “Xalqın Mehribanı” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub. Virtual sərgidə təqdim olunan materiallar tammətnləri ilə verilib.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Mehriban_Eliyeva/index.htm linkindən istifadə edə bilərlər.