close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Xalq şairi Zəlimxan Yaqub” adlı kitab sərgisi açılıb

21-01-2025

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib.

Ədəbi fəaliyyətinə 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı" rayon qəzetində “Şota Rustaveli” adlı ilk şeiri ilə başlayıb.  Elə o vaxtdan fəal yaradıcılıqla məşğul olub. Ə.Haqverdiyev adına Ağdam Dram Teatrında “Aşıq Ələsgər” adlı mənzum pyesi tamaşaya qoyulub.

1980-ci ildə "Gənclik" nəşriyyatında "Könlümün səsi" adlı ilk kitabı çap olunub.  “Könlümün səsi” (1980), "Yolum eldən başlayır" (1981), "Od aldığım ocaqlar" (1986), "Biz bir eşqin butasıyıq" (1989), ”Şair harayı” (1995), "Bu yaşıl ağıcın altı bizimdi" (2000), "Mən sənin qəlbinə necə yol tapım" (2004), Böyük ömrün dastanı" (2004), "Gözlərimin nurudu doğulduğum bu torpaq" (2005), 13 cildlik külliyyatı   və s. kitabları kütləvi tirajlarla nəşr olunub. Şairin Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Əbədiyyət dastanı" yaradıcılığının şah əsərlərdən sayılır.

Zəlimxan Yaqubun ədəbi fəaliyyəti ilə bağlı bir çox məqalə, kitab və monoqrafiyalar - “Rüstəm Kamal. Sazla havalıyam, sözlə diriyəm” (2003),  "Zəlimxan Yaqubdan yazılanlar" (2005), “Azər Turan. Əzəl-axır dünya türkün dünyası” (2007), “Nizami Cəfərov. Zəlimxan Yaqub: məqalələr” (2014),  “Sözün Zəlimxan zirvəsi” (2015), Musa Nəbioğlunun tərtib etdiyi  "Zəlimxan Yaqub ədəbi düşüncədə" 4 cildlik və s. yazılıb.

Zəlimxan Yaqub xalqla bağlı olan, yaradıcılığını folklora kökləyən, şifahi ədəbiyyatımızın incəliklərindən bəhs edən şairdir. O, sazla sözün vəhdətini yaradıb, saza, sözə olan sevgisi ona ən uca zirvələri fəth etməyə yardımçı olub.

1994-cü ildən ömrünün sonuna qədər Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisdə I çağırış (1995-2000), II çağırış (2000-2005) deputatı olub, ömrünün sonunadək Azərbaycan Aşıqlar Birliyinə rəhbərlik edib.

Azərbaycan ədəbiyyatı qarşısında böyük xidmətlərinə, geniş ictimai fəaliyyətinə görə 50 yaşında Azərbaycanın “Şöhrət”, Gürcüstanın “Şərəf” ordenləri ilə təltif olunub. 55 yaşında Azərbaycanın ən yüksək fəxri adına - “Xalq şairi” adına layiq görülüb.  Anadan olmasının 60 illik yubileyi ərəfəsində isə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilib.

Milli Kitabxanada çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri, poetik nəfəsi olan Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illiyi münasibətilə “Xalq şairi Zəlimxan Yaqub” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgidə şairin əsərləri, tərtibçisi olduğu, ön söz yazdığı, rəy verdiyi və redaktə etdiyi  kitablar, həyat və yaradıcılığı, ictimai fəaliyyəti haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar,  sözlərinə bəstələnmiş musiqi notları, fotolar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

icon

Foto qalereya