07-12-2024
Azərbaycanın Xalq şairi, ictimai xadim, Dövlət mükafatları laureatı Nəbi Xəzri (Nəbi Ələkbər oğlu Babayev) 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olub.
Nəbi Xəzri 1940-cı illərdə poeziyaya “Söz”(1944), “Kuzə”(1944), “Yaylıq”(1945), “Nədənsə insana belə gəlir ki” (1947), “Xatirələr”(1947) və s. şeirləri ilə gəlib.
“Çiçəklənən arzular” adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunub. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə “Xəzri” təxəllüsü götürüb.
Salxım söyüdlər” (1957), “Vətən və qürbət” (1957), “İllər və sahillər” (1969), “Dərələr” (1970), “Ulduz karvanı” (1979), “Nəsillər-əsrlər” (1985), “Ağ şimşəklər” (1986), “Torpaq sənə and içirəm” (1989), “Ömür çinarından yarpaqlar” (1995), “Əsrin qanlı laləsi” (1996) və s. kitabların müəllifidir.
Nəbi Xəzrinin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuş, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə edib.
Nəbi Xəzri qələminin məhsulu olan dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulub.
Nəbi Xəzri ictimai xadim kimi səmərəli fəaliyyət göstərib. O, otuz ildən artıq Azərbaycan ədəbiyyatı və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq xidmətlər göstərib.
Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara, o, cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.
2024-cü il 09 sentyabr tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Milli Kitabxanada Müasir Azərbaycan poeziyasının parlaq siması Nəbi Xəzrinin anadan olmasının 100 illiyi münasibətilə “Xalq şairi Nəbi Xəzri – 100” adlı virtual sərgi və geniş ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə Xalq şairi Nəbi Xəzri haqqında imzalanmış rəsmi sənədlər, fotolar, dövri mətbuatda dərc olunan məqalələr, şairin Azərbaycan və müxtəlif dillərdə əsərləri nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Nebi_Xezri/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi kitab sərgisində könüllərdə gözəl şeirləri ilə yuva quran şairin əsərləri, redaktor olduğu, ön söz yazdığı, tərcümə etdiyi, həyat yolu, fəaliyyəti və yaradıcılığı haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunur.
Sərgi 1 həftə davam edəcək.