close
icon E-kataloq və kitabxana

Xalq şairi B.Vahabzadənin 90 illiyi ilə əlaqədar TÜRKSOY tərəfindən hazırlanmış “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” kitabının və Milli Kitabxana tərəfindən tərtib edilmiş “Bəxtiyar Vahabzadə” biblioqrafik göstəricisinin və EMB-nın təqdimatı

28-10-2015

Oktyabr ayının 28-də Milli Kitabxanada  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY təşkilatı və M.F.Axundov adına Milli Kitabxana Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illiyi ilə əlaqədar TÜRKSOY tərəfindən hazırlanmış “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” kitabının və Milli Kitabxana tərəfindən tərtib edilmiş “Bəxtiyar Vahabzadə” biblioqrafik göstəricisinin və Elektron məlumat bazasının təqdimat mərasimi keçirildi.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq qonaqları salamladı, Bəxtiyar Vahabzadə yaradıcılığından söz açaraq onun təkcə Azərbaycanın deyil, bütün türk dünyasının sevimli şairi olduğunu və türkdilli ölkələrdə B.Vahabzadənin ən azı bir şeirini əzbər söyləyə bilməyən çox az adam tapılacağını söylədi. Sonra təqdimatı keçirilən hər iki kitab haqqında ətraflı məlumat verdi. K.Tahirov Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış, gərgin və uzunmüddətli zəhmətin bəhrəsi olan biblioqrafiyanın tədqiqatçılar, alimlər, bəxtiyarsevərlər üçün çox lazımlı və zəruri vəsait olduğunu söylədi.

Sonra şairin öz ifasında “ALLAH” şeiri səsləndirildi.

Sonra söz Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyevaya verildi. Sevda xanım görkəmli şair, dramaturq,  ədəbiyyatşünas B.Vahabzadənin şeirlərinin TÜRKSOY tərəfindən türk xalqlarının dillərinə tərcümə olunaraq çap olunmasından danışdı və kitabın ərsəyə gəlməsinə görə TÜRKSOY-a bütün oxucular, tədqiqatçılar adından təşəkkürlərini bildirdi. Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış biblioqrafiya ilə tanış olduğunu, bu vəsaitin ədəbi irsin oxuculara çatdırılmasında ən fundamental vəsait olduğunu diqqətə çatdırdı. Milli Kitabxana tərəfindən tərtib olunan bütün vəsaitlərin çox faydalı, səmərəli olduğunu, oxucular, xüsusilə tədqiqatçı alimlər üçün bir bələdçi olduğunu söylədi.

Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı Baş katib Düsen Kaseinovun adından çıxış edərək təqdimat mərasiminə görə Mədəniyyət və Turizm Nazirliyinə,  Milli Kitabxananın direktoru Kərim Tahirova, hər iki kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirdi.

Çıxışçılar: filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Zaman Əsgərli, Qazaxıstanın TÜRKSOY-dakı təmsilçisi Malik Otarbayev, BDU-nun professoru Etibar Talıblı öz çıxışlarında nəğməkar şairin yaradıcılığından danışarkən onun əsərlərinin ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə olunduğundan danışdılar.

Milli Kitabxananın şöbə müdiri Rübabə Səfərova B.Vahabzadə haqqında video filmi nümayiş etdirdi və elektron məlumat bazasını təqdim etdi.

Tədbirin sonunda iştirakçılar şairin yaradıcılığını özündə əks etdirən “Bəxtiyar Vahabzadə-90” adlı geniş kitab sərgisi ilə tanış oldular.