18-11-2024
Noyabrın 18-də Azərbaycan Milli Kitabxanasında Milli Kitabxananın və Azərbaycan gənclərinin inkişaf hərəkatı ictimai birliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda videoçarxın təqdimatı keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq Azərbaycanın tarixdə ilk dəfə olaraq COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etdiyini bildirib. 100-dən artıq dünya liderlərinin, nümayəndələrinin iştirakı ilə keçirilən bu tədbirin Azərbaycanın dünyaya tanıdılmasında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bütün dövlət və qeyri-dövlət təşkilatları kimi Azərbaycan Milli Kitabxanasının da əsas qayəsinin belə tədbirlər təşkil etməklə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbirinə öz töhfəsini verməklə dəstək olduğunu söyləyib. Milli Kitabxananın hər zaman gənclərin yanında olduğunu, kitabxanadan istifadə edən oxucuların da 85 faizinin gənclərdən ibarət olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycan gənclərinin inkişaf hərəkatı ictimai birliyinin sədri Miri Mirəliyev tədbirin təşkilinə görə Azərbaycan Milli Kitabxanasına, direktor professor Kərim Tahirova və kitabxana əməkdaşlarına təşəkkürünü bildirib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ölkəmizin dünyaya tanıdılmasında ikinci böyük əhəmiyyətli hadisə oduğunu bildirib. Azərbaycanı 44 gün davam edən Vətən müharibəsində əldə etdiyi Zəfərlə bütün dünyanın tanıdığını söyləyib. Milli Kitabxananın gənclər üçün doğma məkan olduğunu qeyd edərək gəncləri müasir və klassik Azərbaycan ədəbiyyatı ilə yaxından tanış olmağa dəvət edib.
Tədbirin davamında Azərbaycan gənclərinin inkişaf hərəkatı ictimai birliyi tərəfindən hazırlanan “Yaşıl dünya naminə həmrəylik ili” mövzusuna həsr olunmuş ingilis dilində videoçarx təqdim olunub.