18-09-2014
18 sentyabr 2014-cü il tarixində Milli Kitabxanada Üzeyir Hacıbəyli VI Beynəlxalq musiqi festivalı çərçivəsində “Üzeyir Hacıbəyli irsi” mövzusunda kitab sərgisinin və Elektron məlumat bazasının təqdimat mərasimi keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Uzeyir Hacıbəyliyə həsr olunmuş 10 dəqiqəlik filmlə tanış oldular.
Tədbiri Milli Kitabxananın direktor müavini Mələkxanım Hacıyeva açaraq tədbir iştirakçılarını salamladı. O, öz çıxışında Azərbaycan Respublikasının Prezidentinin “Üzeyir Musiqi gunu”nun kecirilməsi haqqında 1995-ci il 18 sentyabr tarixli fərmanına uygun olaraq hər il sentyabrın 18-də ölkəmizdə milli musiqi bayramı kimi qeyd olunduğunu, bu münasibətlə müxtəlif tədbirlər, konsertlər, sərgilər təşkil edildiyini söyləmişdir.
Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2014-cü il 18-28 sentyabr tarixində Bakıda Uzeyir Hacıbəyli VI beynəlxalq Musiqi festivalının keçiriləcəyini qeyd etmişdir.
Sonra “Üzeyir Hacıbəyli – Müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi” adlı Elektron məlumat bazasının təqdimat mərasimi olmuşdur.
Musiqi kollecinin direktoru, professor Nazim Kazımov, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla xanım Bayramova Üzeyir Hacıbəyli haqqında, onun irsi, Azərbaycan xalqına bəxş etdiyi operalar, operettalar barədə danışmış, onun gənc musiqiçilər üçün örnək olduğunu qeyd etmişlər.
Tədbirin sonunda iştirakçılar “Üzeyir Hacıbəyli irsi” adlı geniş kitab sərgisi ilə tanış oldular. Sərgidə Uzeyir Hacıbəylinin əsərləri, haqqında yazılmış əsərlər, eyni zamanda xarici dilə tərşümə edilmiş əsərləri, not əcərləri, elmi tədqiqat işləri və vallar nümayiş olunmuşdur.
Tədbirə Mədəniyyət və Turizm Nazirliyindən nümayəndələr, görkəmli musiqiçilər, bəstəkarlar, Bakının aparıcı kitabxanaları, Ü. Hacıbəyli ev muzeyi, musiqi məktəblərinin nümayəndələri - bir sozlə Üzeyirsevənlər toplaşmışdılar.