close
icon E-kataloq və kitabxana

UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasının nəticələrinə həsr edilmiş mətbuat konfransı

06-12-2018

Bu ilin noyabrın 26-da dekabrın 1-dək Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında ölkəmizi təmsil edən nümayəndə heyəti də iştirak edib. Xarici işlər nazirinin müavini Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin qatıldığı sessiyada Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Azərbaycan Respublikasının UNESKO üzrə Milli Komissiyasının Baş katibi Elnur Sultanov, ölkəmizin UNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının ikinci katibi Nahid Ömərov iştirak ediblər.
Bu sözləri Milli Kitabxanada Hökumətlərarası Komitənin 13-cü sessiyasının nəticələrinə həsr edilmiş mətbuat konfransında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İntiqam Hümbətov deyib. 
Azərbaycanın cari ilin iyun ayında UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Baş Assambleyasında Komitənin növbəti dörd ili üçün üzvü seçildiyini bildirən İ.Hümbətov qeyd edib ki, ölkəmiz 2010-2014-cü illərdə də Komitənin üzvü olub.
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Azərbaycan Respublikasının UNESKO üzrə Milli Komissiyasının Baş katibi Elnur Sultanov Hökumətlərarası Komitəsinin 13-cü sessiyasının nəticələri barədə məlumat verib. Söyləyib ki, sessiya zamanı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ və Təcili Qorunmaya Ehtiyacı olan siyahlarına daxil edilmiş fayllarla bağlı 48 ölkənin milli hesabatı dinlənilib. Bunlardan 16-sı Təcili Qorunmaya Ehtiyacı olan hesabatlardır. Eyni zamanda, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün Komitəyə təqdim edilmiş 40 nominasiya və Təcili Qorunmaya Ehtiyacı olan siyahıya daxil edilməsi üçün Komitəyə təqdim edilmiş 7 nominasiyalar sessiya zamanı müzakirə olunmaqla müvafiq qərarlar qəbul edilib.
“UNESKO-nun Baş qərargahında təşkilatın Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasına üzv ölkələrin 7-ci Baş Assambleyası keçirildi. Sessiya çərçivəsində Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitədə vakant yerlərə seçkilər oldu. İkinci qrup üzrə 2 yerə Azərbaycan, Belarus, Gürcüstan, Polşa, Slovakiya, Rumıniya və Makedoniya olmaqla 7 dövlət namizədliyini irəli sürmüşdü. Aparılmış geniş seçki kampaniyası nəticəsində Azərbaycan qrupda 90 səslə namizədlər arasında ən çox səs yığaraq üzv seçildi. Bu bir daha UNESCO üzv ölkələri tərəfindən Azərbaycana göstərilən yüksək etimadın göstəricisidir. Azərbaycan tərəfinin təqdim etdiyi “Çovqan-ənənəvi Qarabağ atüstü oyunu” faylı ilə bağlı milli hesabatımız qəbul olundu. Eyni zamanda “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiyanın Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına və Azərbaycan, Türkiyə və Qazaxıstan ilə birgə “Dədə Qorqud isri: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli nominasiyanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə  Reprezentativ Siyahısına daxil edildi. Ölkəmizlə bağlı bu müsbət qərar qəbul edildikdən sonra, UNESKO-nun bir çox üzv ölkələri Azərbaycan nümayəndə heyətinə yaxınlaşaraq təbrik etdilər. Ermənistan tərəfi Komitədəki üzvlüyündən sui-istifadə edərək, Komitənin işini siyasiləşdirirdi və bu davranışı ilə Konvensiyanın məqsəd və prinsiplərinə ciddi xələl gətirirdi. Bu isə öz növbəsində Komitədə ciddi narahatlıq və narazıçılığa səbəb oldu. Ermənistandan fərqli olaraq, Azərbaycan Komitədə böyük nüfuz malik bir ölkədir. Ölkəmiz Komitənin digər sessiyalarında olduğu kimi, bu dəfə də sessiyanın gündəliyinə öz müsbət töhfəsini verdi”, - deyə Elnur Sultanov vurğulayıb.
E.Sultanov qeyd edib ki, Hökumətlərarası Komitənin 13-cü sessiyasınında ölkəmiz üçün daha bir uğurlu hadisə - Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi olub. Bu tarixi hadisənin Azərbaycanın bir daha dünyada artan nüfuzunun göstəricisi olduğuna diqqət çəkən E.Sultanov vurğulayıb ki, ölkəmizin UNESCO ilə sıx əməkdaşlığın genişləndirilməsi və mədəni irsimizin qorunması və dünya miqyasında təbliği Birinci vitse-prezident Mehriban Əliyevanın yorulmaz əməyinin nəticəsidir.

Diplomat xüsusi qeyd edib ki, sessiya zamanı UNESKO Katibliyi və Qvatemala tərəfi çıxış edərək, Qeyri-maddi mədəni irsin qorunması istiqamətində “Etimad Fondu” vasitəsilə Azərbaycanın göstərdiyi yardıma görə öz təşəkkürlərini bildiriblər. “Etimad Fondu” 2013-cü il iyulun 18-də imzalanmış “Azərbaycan hökuməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi” əsasında yaradılıb.
Sözügedən nominasiya sənədinin Mədəniyyət və Xarici İşlər nazirlikləri, eləcə də Azərbaycan Respublikasının UNESKO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim olunduğunu bildirən Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini Vasif Eyvazzadə deyib ki, namizədlik sənədinin məhz Naxçıvan adı ilə təqdim edilməsində əsas məqsəd ölkəmizin qədim və tarixi regionu olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq, eyni zamanda, bu ənənələrin UNESCO səviyyəsində qorumağına çalışmaqdır.
V.Eyvəzzadə diqqətə çatdırıb ki, “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsi Azərbaycanda, Türkiyədə və Qazaxıstanda birlik, bərabərlik və müxtəlifliyi, həmçinin xalqlarımızın ailə dəyərlərini, qadının cəmiyyətdə rolu, qonaqpərvərlik və ədalət prinsiplərini təbliğ etdiyini ifadə edir.
“Ermənistan nümayəndəsinin “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsinin Azərbaycana dair hissəsinə qarşı əsassız çıxış etməsi heç bir nəticə vermədi. Ermənistan tərəfinin qeyri-konstruktiv və yersiz mövqeyinin yolverilməz olduğunu bir daha diqqətə çatdıran nümayəndə heyətimiz Azərbaycanın bu çoxmillətli nominasiyanın tərəfi olmaqla regional əməkdaşlığa və ortaq mirasa sahib olan ölkələrlə mədəniyyətin bölüşülməsi faktoruna önəm verdiyini və bununla da UNESCO-nun xoşməramlı prinsiplərinə sadiqliyini nümayiş etdirdiyini bildirdi. Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti, “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çovqan–ənənəvi Qarabağ atüstü oyunu və “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin isə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır”, - deyə Vasif Eyvəzzadə qeyd edib.
Sonra iştirakçılar “Azərbaycanın qeyr-maddi mədəni irsi UNESCO-da” adlı kitab sərgisi ilə tanış olublar.