Ukraynanın Taras Şevçenko Milli Muzeyinin baş direktoru, ədəbiyyatşünas Dmitro Stus, “Vsesvit” jurnalının baş redaktoru, Ukrayna Yazıçılar Birliyinin katibi Dmitro Drozdovski, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin ikinci katibi Volodimir Vislinski və Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu Azərbaycan Milli Kitabxanasında olublar. Qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov qəbul edib.
Direktor tarix boyu Ukrayna-Azərbaycan xalqları arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən danışıb. O, Azərbaycan Milli Kitabxanasının V.İ.Vernadski və Yaroslav Mudrıy adına Ukrayna Milli Kitabxanaları, S.Vurğun adına Kiyev Kütləvi Kitabxanası ilə sıx əlaqələrinin olduğunu qeyd edib, qarşılıqlı kitab mübadiləsinin həyata keçirildiyini, konfrans və tədbirlərdə, sərgilərdə birgə iştirak edildiyini söyləyib.
Qonaqlar kitabxananın direktoru prof. Kərim Tahirova görüş üçün təşəkkür edərək, dövlətlərimizin və xalqlarımızın tarixi əlaqələrindən, ölkələrimizin ədəbiyyat sahəsində əməkdaşlığının genişlənməsi üçün atılan addımlardan danışıblar.
Prof. Kərim Tahirov qonaqlara Milli Kitabxananın Fotoalbomunu hədiyyə edib.
Sonra qonaqlar Milli Kitabxananın Fonoteka Zalı və Beynəlxalq Əməkdaşlıq Zalında olublar. Ukraynanın daimi guşəsi ilə tanış olan qonaqlar Azərbaycan Milli Kitabxanasının fonduna Ukrayna dilində ədəbiyyatlar hədiyyə ediblər. Kitabxananın direktor müavini tar.ü.f.d. Ədibə İsmayılova bu kitabların Milli Kitabxananın fondunda öz layiqli yerini tutacağını bildirib və kitabxananın çoxsaylı oxucuları adından qonaqlara təşəkkür edib.