08-11-2018
Noyabrın 8-də Ankarada TÜRKSOY-un iqamətgahında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin və görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubiley tədbirləri keçirilmişdir. Yubiley tədbiri çərçivəsində Milli Kitabxananın fondundan “Azərbaycan Xalq Cümhuriyyəti - 100” mövzusunda kitab sərgisi təşkil olunmuş, eyni zamanda Milli Kitabxananın nəşr etdirdiyi “Azərbaycan Xalq Cümhuriyyəti - 100. Biblioqrafiya”, “Qara Qarayev. Biblioqrafiya” və Lalə Kazımova “Qara Qarayev - həyat və yaradıcılığı haqqında qısa oçerk” kitablarının və kitabxananın əməkdaşları tərəfindən hazırlanmış Qara Qarayevin əsərlərindən ibarət disklərin təqdimatı keçirilmişdir.
Tədbirin birinci hissəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş və tədbiri TÜRKSOY-un Baş katibi Düsein Kaseinov açaraq qonaqları salamlamış, Azərbaycan xalqının tarixində önəmli yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin və görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi çərçivəsində silsilə tədbirlərin təşkilinin xüsusilə əhəmiyyətli olduğunu qeyd etmişdir.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov açılış tədbirində iştirak edərək Azərbaycan Xalq Cümhuriyyətinin və Qara Qarayevin 100 illik yubiley tədbirlərinin dünya miqyasında keçirildiyini bildirmişdir. Fuad Muradov çıxışında sabah Nyuyorka uçacağını və gələn həftənin birinci günü Nyuyorkda Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar tədbirin və konsert proqramının keçiriləcəyini qeyd etmişdir. Natiq çıxışında Nyuyorkda keçiriləcək tədbirdə təqdim etmək üçün Milli Kitabxananın nəşrlərindən aparacağını söyləmişdir.
Daha sonra Azərbaycan Respublikasının Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Xəzər İbrahim çıxışında Cənab İlham Əliyevin sərəncamlarına müvafiq olaraq Azərbaycanda və onun hüdudlarından kənarda Azərbaycan Xalq Cümhuriyyəti və görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileylərinin təntənə ilə qeyd edildiyini bildirmiş və Şərqdə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq demokratik dövlət quruculuğunu yaratmağa müvəffəq olduğunu söyləmişdir.
Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov çıxış edərək təşkilatçılara öz minnətdarlığını bildirmiş və çıxışında müsəlman Şərqində ilk demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq qısa fəaliyyəti dövründə gördüyü işlərdən danışmışdır. Proffessor çıxışında 1918-1920-ci illər arxiv sənədlərinin “tam məxfi” qrifi ilə uzun illər Sovet hökuməti tərəfindən gizlədildiyini və Azərbaycan müstəqillik qazandıqdan sonra həqiqətlərin üzə çıxdığını söyləmişdir. Proffessor çıxışında ölkəmizdə Cümhuriyyət tarixinə xüsusi qayğı göstərildiyini, Cümhuriyyət xadimlərinin şərəfinə abidələr ucaldıldığını, onların xatirəsinin əbədiləşdirildiyini, xarici ölkələrdəki məzarlarının təmir edildiyini, görkəmli xadimləri haqqında sənədli filmlər çəkildiyini xüsusilə qeyd etmiş və bu gün Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi müstəqil Azərbaycan Respublikasının ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində yüksək inkişaf dövrünü yaşadığını söyləmişdir. Kərim Tahirov çıxışında Cümhuriyyətimizin 100 illiyinə töhfə olaraq Milli Kitabxana tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti – 100” adlı fundamental biblioqrafiyanın nəşr olunduğunu bildirmiş və biblioqrafiyada “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində siyasi vəziyyət”, “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti”, “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları”, “Azərbaycan Xalq Cümhuriyyəti dünya kitabxanalarında” və digər bölmələrin də yer aldığını qeyd etmişdir.
Daha sonra “Qoca Şərqin ilk Demokratik Cümhuriyyətinin 100 ili” mövzusunda BDU-nun kafedra müdiri, prof. Anar İsgəndərov, Türk Ocakları Baş direktoru prof. Dr Mehmet Öz, AMEA-nın Tarix İnstitutunun direktor müavini, prof. Cəbi Bəhramov məruzə ilə çıxış etmişlər.
Çıxışlardan sonra görkəmli qiraət ustalarının ifasında şeirlər səslənmişdir.
Tədbirin ikinci hissəsi dahi bəstəkar Qara Qarayevin 100 illik yubiley ilə əlaqədar Milli Kitabxana tərəfindən nəşr olunmuş Qara Qarayev. Biblioqrafiya” və Lalə Kazımova “Qara Qarayev - həyat və yaradıcılığı haqqında qısa oçerk” kitablarının və kitabxananın əməkdaşları tərəfindən hazırlanmış Qara Qarayevin əsərlərindən ibarət disklərin təqdimatı ilə davam etmişdir. Milli Kitabxananın direktoru prof. Kərim Tahirov “Müstəqil Azərbaycan və yetişdirdiyi dahi bəstəkar Qara Qarayev” mövzusunda çıxış edərək, dahi bəstəkarın həyat və yaradıcılığından bəhs etmiş, onun dünya musiqi tarixində böyük inqilab edən Azərbaycan sənətkarı olduğunu söyləmişdir. Professor dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibətilə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından fundamental biblioqrafiyanın nəfis tərtibatda nəşr olunduğunu bildirmiş, biblioqrafiyada “Qara Qarayev dünya kitabxanalarında”, “Qara Qarayevin bəstələdiyi əsərlərin xronologiyası”, “Filmoqrafiya”, “Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində saxlanılan əlyazmaları”, “Tələbələrinin Qara Qarayevə həsr etdikləri musiqi əsərləri”, “Qara Qarayevin Rusiya Dövlət Mədəniyyət və İncəsənət Arxivində saxlanılan arxivi” və digər bölmələrin yer aldığını qeyd etmişdir. Eyni zamanda Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasından Lalə Kazımovanın 3 dildə nəşr olunmuş “Qara Qarayev - həyat və yaradıcılığı haqqında qısa oçerk” kitabı haqqında geniş informasiya vermişdir. Kərim Tahirov Amerikaya səfəri zamanı Los-Anceles Universitetinin (UCLA) kitabxanasının direktorundan Qara Qarayev haqqında eşitdiyi xoş təəssüratlardan söhbət açmış və dahi bəstəkarın 1961-ci ildəki Los-Ancelesdəki konserti zamanı Amerika tamaşaçıları tərəfindən fasiləsiz alqışlandığını xüsusi qeyd etmişdir.
Daha sonra dahi bəstəkarın əsərlərindən ifalar olunmuşdur.
Tədbirin birinci hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, ikinci hissədə isə Qara Qarayevin həyat və yaradıcılığından bəhs edən filmlər nümayiş olunmuşdur. Tədbirin sonunda TÜRKSOY təşkilatı tərəfindən Milli Kitabxananın direktoru prof. Kərim Tahirova, BDU-nun kafedra müdiri, prof. Anar İsgəndərova və AMEA-nın Tarix İnstitutunun direktor müavini prof. Cəbi Bəhramova mükafatlar və fəxri fərmanlar təqdim edilmişdir.