24 dekabr tarixində Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin Texniki Xidmətlər şöbəsinin müdiri Hülya Dirican, şöbənin əməkdaşları Fərhad Öztürk və İsmail Karaca Milli Kitabxananın şöbələri və iş prosesləri ilə tanış olublar.
Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş guşə, Uşaq bölməsi və uşaq istirahət guşəsi, “Açıq kitabxana” – Sərbəst mütaliə bölməsi, Nadir kitablar və kitabxana muzeyi şöbəsində mühafizə olunan qədim və nadir kitablar, miniatür kitab kolleksiyası, eksponatlar qonaqların xüsusi diqqətini cəlb edib.
Mütaliə zalları ilə tanış olan qonaqlar həmçinin, Not nəşrləri və səsyazmaları şöbəsində qorunan səsyazmalar, not əsərləri və zəngin musiqi ədəbiyyatı haqqında ətraflı məlumatlandırılıb, Beynəlxalq əməkdaşlıq zalında Türkiyənin daimi guşəsinə baş çəkiblər. Kolleksiyaların və informasiya resurslarının mühafizəsi şöbəsi, Elektron dissertasiya fondunun təşkili və ondan istifadə şöbəsinin fəaliyyəti ilə də maraqlanıblar.