close
icon E-kataloq və kitabxana

Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxananın birgə təşkilatçılığı ilə 14 noyabr 2016-cı il tarixində Azərbaycanın xalq şairi Səməd Vurğunun 110 illik yubileyi ilə

14-11-2016

Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində Mədəniyyət və Turizm Nazirliyinin və Milli  Kitabxananın birgə təşkilatçılığı ilə 14 noyabr 2016-cı il tarixində Azərbaycanın xalq şairi Səməd Vurğunun 110 illik yubileyi ilə əlaqədar anım  tədbiri keçirilmişdir. Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov açmışdır. O tədbir iştirakçılarını salamlamış, şairin  110 illik yubileyinə həsr edilmiş tədbirlərdən bəhs etmiş və Milli Kitabxananın bu yubileyə töhfəsi olan kitabxananın əməkdaşları tərəfindən tərtib edilmiş və “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından çap olunmuş “Səməd Vurğun. Biblioqrafiya” kitabını tədbir iştirakçılarına təqdim etmişdir. O 600 səhifədən artıq olan fundamental biblioqrafiyada Səməd Vurğuna aid  6 minə yaxın mənbənin əhatə olunduğunu diqqətə çatdırmışdır. Mədəniyyət və  Turizm nazirinin birinci müavini Vaqif Əliyev Səməd Vurğunun yaradıcılığı haqqında ətraflı məlumat verərək, görkəmli şairin yubileyinin nazirlik tərəfindən yüksək səviyyədə keçirildiyinə diqqət çəkmiş, il ərzində keçirilən Beynəlxalq kitab sərgilərində belə tədbirlərin keçirilməsinin artıq ənənə halını aldığını qeyd etmişdir. AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, türkiyəli yazar və tərcüməçi, Azərbaycan ədəbiyyatından bir sıra nümunələri türk dilinə tərcümə etmiş Yasəmən Boyar, Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, Səməd Vurğunun ev muzeyinin direktoru Nüşabə Vəkilova və digər çıxış edənlər şairin keçdiyi həyat yolundan və poeziya sahəsində qazandığı uğurlardan danışmışlar. İstedadlı aktrisa, əməkdar artist Mehriban Zəki şairin yaradıcılığından şeirlər söyləmişdir. Tədbirin sonunda şairin yubileyinə həsr olunmuş  sənədli film nümayiş etdirilmişdir.
Tədbirdə həmçinin Azərbaycan Respublikasının İstanbul şəhərindəki baş konsulu Məsim Hacıyev də iştirak etmişdir. Görkəmli şairin yubileyi ilə əlaqədar tədbirlər 15-17 noyabr tarixlərində Ankara şəhərində TÜRKSOYun iqamətgahında və Türkiyə Milli Kitabxanasında davam etdiriləcəkdir.