10-11-2018
2018-ci il noyabr ayının 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin və görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubiley tədbirləri keçirilmişdir. Yubiley tədbirləri çərçivəsində Milli Kitabxananın nəşr etdirdiyi “Azərbaycan Xalq Cümhuriyyəti-100. Biblioqrafiya”, “Qara Qarayev. Biblioqrafiya” və Lalə Kazımova “Qara Qarayev - həyat və yaradıcılığı haqqında qısa oçerk” kitablarının və kitabxananın əməkdaşları tərəfindən hazırlanmış Qara Qarayevin əsərlərindən ibarət disklərin təqdimatı keçirilmişdir.
Qeyd edək ki, Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində Azərbaycanın zəngin mədəniyyətini, tarixini, ədəbiyyatını, Qarabağ hadisələrini, kitab sənətini təmsil və təbliğ etmək məqsədilə 300-dən artıq kitab nümayiş olunur.
Tədbiri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov açaraq iştirakçıları salamlamış, dövlət başçısı Cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti və görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlarına müvafiq olaraq respublikamızda və onun hüdudlarından kənarda keçirilən tədbirlərdən danışmış, il ərzində keçirilən Beynəlxalq Kitab Sərgilərində belə tədbirlərin keçirilməsinin artıq ənənə halını aldığını qeyd etmişdir. Sonra söz tədbirin əsas təşkilatçılarından biri olan TÜRKSOY- un Baş Katibi professor Düsen Kaseinova verilmişdir. O, son illərdə Mədəniyyət Nazirliyinin,TÜRKSOY və Azərbaycan Milli Kitabxanası ilə birgə keçirdiyi tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini iştitrakçıların diqqətinə çatdırmış, 2 gün öncə Ankarada TÜRKSOY-un iqamətgahında Azərbaycan xalqının tarixində önəmli yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin və görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileylərinin yekun tədbirinin yüksək səviyyədə keçirildiyini demişdir. Belə tədbirlərin keçirilməsini Ümumtürk mədəniyyətinin və onun görkəmli nümayəndələrinin tanıdılması yönündə atılan vacib addım hesab etmişdir. TÜRKSOY- un Baş Katibi professor Düsen Kaseinov Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova kitab bağışlamış, Milli Kitabxananın direktoru öz növbəsində Düsen Kaseinova Kitabxananın nəşrlərindən hədiyyə etmişdir.
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov iştirakçılara Azərbaycan Xalq Cümhuriyyəti və görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileylərinə Milli Kitabxananın tövhəsi olan kitabxananın nəşrlərini təqdim etmişdir. Direktor qeyd etmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə tövhə olan ölkəmizdə ilk dəfə çap olunan fundamental “Azərbaycan Xalq Cümhuriyyəti-100. Biblioqrafiya” kitabı nəinki Azərbaycanda nəşr olunmuş, habelə Milli kitabxananın sorğusu əsasında dünyanın 30-dan çox Milli kitabxanalarından alınmış mövzuya dair külli miqdarda ədəbiyyatı özündə əks etdirir.
Kitabxananın direktoru Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar Milli Kitabxana tərəfindən nəşr olunmuş “Qara Qarayev. Biblioqrafiya” və Lalə Kazımova “Qara Qarayev - həyat və yaradıcılığı haqqında qısa oçerk” kitablarının və kitabxananın əməkdaşları tərəfindən hazırlanmış Qara Qarayevin əsərlərindən ibarət disklərin təqdimatını edərək, dahi bəstəkarın həyat və yaradıcılığından bəhs etmiş, onun dünya musiqi tarixində böyük inqilab edən Azərbaycan sənətkarı olduğunu söyləmişdir. Professor dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibətilə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından fundamental biblioqrafiyanın nəfis tərtibatda nəşr olunduğunu bildirmiş, “Qara Qarayev dünya kitabxanalarında”, “Qara Qarayevin bəstələdiyi əsərlərin xronologiyası”, “Filmoqrafiya”, “Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində saxlanılan əlyazmaları”, “Tələbələrinin Qara Qarayevə həsr etdikləri musiqi əsərləri”, “Qara Qarayevin Rusiya Dövlət Mədəniyyət və İncəsənət Arxivində saxlanılan arxivi” və digər bölmələrdən ibarət olduğunu qeyd etmişdir. Direktor musiqişünas alim, sənətşünaslıq doktoru Lalə Kazımovanın 3 dildə (azərbaycan, ingilis, rus) nəşr olunmuş “Qara Qarayev - həyat və yaradıcılığı haqqında qısa oçerk” kitabı haqqında geniş informasiya vermişdir. Kitabxananın direktoru qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında” 17 oktyabr 2017-ci il tarixli sərəncamına müvafiq olaraq dünya musiqi tarixinə şedevr əsərlər bəxş edən dünya şöhrətli bəstəkarın 100 illik yubileyi münasibətilə tanıtım nəşr kimi 3 dildə (azərbaycan, ingilis, rus) çap olunan bu kitab, dahi bəstəkarın həyat fəaliyyətini, yaradıcılığının əsas mərhələlərini və müəllifinə dünya şöhrəti qazandıran əsərləri haqqında məlumat verir. Professor çıxışında Amerikaya səfəri zamanı Los-Anceles Universitetinin (UCLA) kitabxanasının direktorundan Qara Qarayev haqqında eşitdiyi xoş təəssüratlardan söhbət açmışdır.
Daha sonra BDU-nun kafedra müdiri, professor Anar İsgəndərov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, müstəqilliyimizin Heydər Əliyev dövründən danışaraq onun fəaliyyətinin bütün dövrlərində Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərinə, ənənələrinin yaşadılmasına yüksək önəm verildiyindən, Cümhuriyyətin fəaliyyəti barədə respublikada çoxsaylı elmi konfransların təşkilindən, arxiv materiallarının öyrənilərək Cümhuriyyət tarixinə dair dəyərli əsərlər nəşr edildiyini söyləmişdir. Professor Cümhuriyyət tarixindən danışaraq qeyd etmişdir ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus dəyərlər miras qoymuşdur. Natiq qeyd etmişdir ki, bu gün həmin dəyərlər müstəqil Azərbaycan dövləti tərəfindən qorunub saxlanılır və inkişaf etdirilir. Professor Anar İsgəndərov çıxışının sonunda Mədəniyyət Nazirliyinə və Azərbaycan Milli Kitabxanasına tarixi əhəmiyyət kəsb edən belə tədbirlərin keçirilməsinə görə təşəkkürünü bildirmişdir. Alim Milli Kitabxana tərəfindən nəşr olunan bu kitabları Azərbaycan Xalq Cümhuriyyətinə və Qara Qarayevə ucaldılan bir abidə adlandırmışdır.
Tədbirdə AMEA-nın Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov da çıxış etmişdir. Alim çıxışında bu il Azərbaycan tarixində əlamətdar bir hadisənin - Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunmasından söhbət açmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, eləcə də, 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsinin dövlətçilik tarixinə olan böyük ehtiram olduğunu qeyd etmişdir. Alim gərgin və mürəkkəb ictimai –siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu və bir çox sahələrdə həyata keçirdiyi işlərdən danışmışdır.
Tədbirdə Avropa Azərbaycanlıları Konqresinin Fəxri Prezidenti Başar Kömür də iştirak etmişdir. Natiq Azərbaycan Xalq Cümhuriyyəti və görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileylərinin qeyd olunması barədə danışmış və bu tədbirlərin Türkiyə Respublikasında keçirilməsinə böyük önəm verdiyini söyləmişdir.
Tədbirin sonunda iştirakçılara Milli Kitabxananın nəşr etdirdiyi “Azərbaycan Xalq Cümhuriyyəti - 100. Biblioqrafiya”, “Qara Qarayev. Biblioqrafiya” və Lalə Kazımova “Qara Qarayev - həyat və yaradıcılığı haqqında qısa oçerk” kitabları və kitabxananın əməkdaşları tərəfindən hazırlanmış Qara Qarayevin əsərlərindən ibarət disklər paylanmışdır.