27-10-2023
2023-cü il 29 oktyabr tarixində Türkiyə Cümhuriyyətinin quruluşunun 100 ili tamam olunur. Bu əlamətdar yubiley təkcə qardaş Türkiyə üçün deyil, bütün türk dünyası üçün qürur mənbəyi olan bir tarixdir.
1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan etdi. Beləliklə, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Türkiyə Cümhuriyyəti türk dünyasında ay-ulduzlu bayrağı yüksəldən yeganə dövlət oldu. Türkiyə Respublikasının qurucusu və ilk Prezidenti olan Mustafa Kamal ölkənin yeni və dünyəvi bir respublikaya çevrilməsini hədəfləyən bir çox islahatlar apardı.
Cümhuriyyətin ilk illəri Türkiyə tarixinin çətin dövrü idi. Bununla belə, Mustafa Kamal Atatürk ölkənin bölünməzliyi və möhkəmlənməsini təmin etdi.
Ötən 100 ildə mühüm inkişaf yolu keçmiş Türkiyə Respublikasının son 20 ilə yaxın zaman kəsiyində əldə etdiyi nailiyyətlər xüsusi vurğulanmalıdır. Qardaş ölkə Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə sürətli inkişaf yolu keçmişdir.
Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən “Türkiyə Cümhuriyyəti 100” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.
Virtual sərgidə Türkiyə Cümhuriyyəti ilə bağlı fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, Türkiyənin dövlət siyasətini, Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyəti ilə mədəni əməkdaşlığını, diplomatik əlaqələrini, Türkiyə mədəniyyətini və incəsənətini əks etdirən kitablar, ənənəvi sərgidə isə Milli Kitabxananın fondunda mühafizə olunan Türkiyə Cümhuriyyətinin tarixindən bəhs edən Azərbaycan və digər dillərdə kitablar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Turkiye_Cumhuriyyeti_100/index.htm linkindən istifadə edə bilər.
Ənənəvi sərgi 1 həftə davam edəcəkdir.