close
icon E-kataloq və kitabxana

Turin şəhərində Azərbaycanın “Xüsusi qonaq ölkə” kimi iştirak etdiyi beynəlxalq kitab sərgisi açılmışdır

15-05-2015

May ayının 14-də İtaliyanın Turin şəhərində Azərbaycanın “Xüsusi qonaq ölkə” kimi iştirak etdiyi beynəlxalq kitab sərgisi açılmışdır. Ölkəmizi bu mötəbər tədbirdə təmsil edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Milli Kitabxananın direktoru prof. Kərim Tahirov və elmi katib Əminə Cəfərova da iştirak edir.

Sərgidə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Qız qalasının, İçərişəhərin qala divarlarının dizaynına uyğun Azərbaycan stendi icarəyə götürülmüş 50 kvadratmetr sahədə təşkil edilmişdir. Burada nümayiş olunan 300-dən çox nəfis tərtibatlı kitab və nəşrlər ölkəmizin zəngin mədəniyyətini, turizm potensialını, Qarabağ həqiqətlərini və digər məqamları əks etdirir. Ümummilli lider Heydər Əliyevin, Prezident cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətləri haqqında kitablar da sərgi iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Ziyarətçilər sərgidə “Bakı-2015” ilk Avropa Oyunlarına xüsusi diqqət yetirmiş, Azərbaycan pavilyonunda quraşdırılan monitorda bu mötəbər idman tədbiri ilə bağlı nümayiş etdirilən videoçarx böyük maraqla qarşılanmışdır. Sərgi çərçivəsində, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, beynəlxalq münasibətləri və digər mövzularda italyan dilində işıq üzü görmüş bir sıra kitabların təqdimatının keçirilməsi, ölkəmiz haqqında təbliğat və reklam materiallarının sərgi iştirakçılarına paylanılması da nəzərdə tutulmuşdur. Sərgi zəngin milli mədəniyyətimizin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması, ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işlərinin dünyaya çatdırılması üçün də mühüm vasitədir. Qeyd edək ki, İtaliyanın “Sandro Teti Editore” nəşriyyat evinin stendində sərgilənən Azərbaycanla bağlı kitablar da tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Sərgidə Azərbaycanın “Xüsusi qonaq ölkə” olması münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xüsusi tədbir təşkil olunacaq. Həmçinin nümayəndə heyətimizin bir sıra görüşlər keçirməsi gözlənilir. Sərgi mayın 18-dək davam edəcək.