Tanınmış şair, tədqiqatçı Teyyub Qurban 1934-cü ilin dekabr ayının 18-də Bakının Bülbülə qəsəbəsində neftçi ailəsində anadan olub. 1954-cü ildə burada 208 saylı orta məktəbi bitirəndən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb.
Onun "Koreyalı döyüşçüyə" adlı ilk şeri 1950-ci ildə "Pioner" jurnalının 12-ci sayında çıxıb. Dövri mətbuatda müntəzəm çıxış edib.
Teyyub Qurban "Mənim gəncliyim", "Dostluğun gücü", "Unudulmayan", "Yanğı", "El yolu", "Gözəllik yarışı", "Ömrün gənclik yazı", "Dönməzlik", "Sara", "Məcra", "Düşmənlərindən güclü şəxsiyyət", "Müqəddəs məkanda Qüdsümüz vardır" və s. kitablarının müəllifidir
Onun Hacı ZeynalabdinTağıyevə həsr etdiyi "Yaşayan ömür" pyesi Azərbaycan Dövlət Gənclər Teatrında tamaşaya qoyulub.
Şeirləri ayrı-ayrı xalqların dilində çap olunub.
Milli Kitabxanada şair Teyyub Qurbanın anadan olmasının 90 illiyi ilə əlaqədar “Teyyub Qurban – 90” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə şairin əsərləri, tərcümələri, tərtibçi və redaktor olduğu kitablar, həyat yolu, fəaliyyəti və yaradıcılığı haqqında Azərbaycan və rus dillərində ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr, sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunur.