06-11-2024
6 noyabr tarixində Bakı şəhərində radiostansiyanın istismara verilməsi ilə ölkəmizdə ilk dəfə radio proqramı efirdə yayımlanıb. Məhz bu gün Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd olunur.
1926-cı il noyabrın 6-da ölkəmizdə ilk dəfə radio proqramı - “Danışır Bakı!” efirdə yayımlanıb. Bununla da Azərbaycan mətbuatında, mədəniyyətində və texnologiyasında yeni bir eranın əsası qoyulub.
Azərbaycan radiosu həm də xalqımızın 1 əsrlik canlı audioarxividir. Hazırda Azərbaycan Dövlət Radiosu 105 FM dalğasında yayımlanır.
Azərbaycan Radiosunun "Sabahınız xeyir”, "Axşam görüşləri”, "Bulaq”, “Vətən”, "Natəvan” qızlar klubu, "Lirika dəftərindən”, "Muğam saatı”, "Arzu” musiqi poçtu, "Yazıçı və zaman”, "Mahnı şəhəri gəzir”, "Teatr mikrofon qarşısında”, "Ana dili”, "Körpü”, Ovqat, "Elin sazı, elin sözü”, "Açıq-aşkar”, "Xudafərin”, "Sözün düzü”, "Baxış bucağı”, "Dünya”, "Pillə”, "Çevrə”, "Radio-atmaca”, "Molla Nəsrəddin”, "Yol”, "Yuva”, "Vaxt”, "Dan yeri” kimi dinləyicilərin ruhunu oxşayan verilişlər radiotariximizə əbədi həkk olunub, onların bəziləri fəaliyyətini çoxdan dayandırsa da, hələ də yaddaşlarda yaşayır.
Paytaxt və bölgələrdə yaradılan bütün kanalların qaynaqlandığı, mənbələrinə söykəndiyi, təcrübəsindən öyrəndiyi, bu gün də "Qızıl Fondun"dan müntəzəm istifadə etdiyi ana televiziyamız "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-dir.
Azərbaycan Televiziyası Şərqin ilk televiziyası kimi 1956-cı ildən fəaliyyət göstərir. 1956-cı il fevralın 14-də ilk veriliş günü ekranda mərhum sənətkar Nəcibə Məlikova: “Göstərir Bakı!”- deyə ağ-qara təsvirdə sözə başlayıb. 1973-cü ildən etibarən Bakıda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb. Respublikada yayımlanan verilişlərin sayını artırmaq üçün 1996-cı ildə Teleqüllə istismara verilib. Ölkə ərazisində analoq TV yayımı 20 dekabr 2016-cı il tarixində tam dayandırılıb və rəqəmli TV yayımına keçid tam başa çatdırılıb. Ölkə ərazisində analoq TV yayımı 20 dekabr 2016-cı il tarixində tam dayandırılıb və rəqəmli TV yayımına keçid tam başa çatdırılıb.
Hazırda Azərbaycanda kifayət qədər müasir texnologiyalar və avadanlıqlarla təmin olunmuş və dünyanın qabaqcıl teleradio kampaniyaları ilə rəqabət aparmaq qabiliyyətinə malik müstəqil teleradio kampaniyaları fəaliyyət göstərir.
2020-ci il dekabrın 31-dən etibarən işğaldan azad olunan digər ərazilərdə radio və televiziya yayımlarının bərpası istiqamətində işlər davam etdirilir. Artıq respublika üzrə yayımı həyata keçirilən “AzTV”, “Mədəniyyət” TV, “İdman Azərbaycan” TV, “İctimai” TV, “CBC” TV, “CBC Sport”, “Real” TV, “Xəzər” TV, “Azad Azərbaycan” TV və “ARB-24” telekanalları Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrinə yayımlanır.
Bu gün dünyada internet və informasiyalı cəmiyyət inkişaf edir, yeni trendlər meydana çıxır, sosial şəbəkələr və onlayn media vaxtilə teleradioların üzərinə götürdüyü öhdəliklərin bir hissəsini mənimsəməyə başlayır, medianın gündəmi rəngarəngləşir.
Milli Kitabxanada radio və televiziya işçilərinin peşə bayramı günü münasibətilə “6 noyabr - Televiziya və Radio İşçiləri Günü” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə Azərbaycan radio və televiziyasının tarixi, inkişaf yolu, Müasir Azərbaycan televiziya efirində struktur nəzəriyyəsi, efir məkanının problemləri, radio-televiziyanın ədəbi dili, prinsipləri, reallıqları, perspektivləri və s. mövzularda yazılmış Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.