close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Şuşa milli geyimləri” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib

06-05-2022

Şuşa – Azərbaycanın tarixi mədəniyyət mərkəzi, Qarabağın baş tacı və hərbi-strateji əhəmiyyətə malik qədim şəhərdir. Şuşa Azərbaycanın bəlkə də yeganə diyarıdır ki, xalqımız və ölkəmiz üçün bu qədər tarixi şəxsiyyətlər, incəsənət xadimləri yetişdirib: Üzeyir bəy, Bülbül, Rəşid Behbudov, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Vaqif, Xan Şuşinski, Yusif Vəzir Çəmənzəminli, Cabbar Qaryağdıoğlu və yüzlərlə digər belə böyük şəxsiyyətlərin vətənidir. Bu yurd yerimiz, Azərbaycan xalqına bu cür dühalar, tarixi şəxsiyyətlər, incəsənət xadimləri bəxş etmiş bu şəhər, nə qədər istəsələr də heç vaxt, heç bir vəchlə başqa bir millətin ola bilməz. 
Şuşa xalqımızın varlığını özündə yaşadan tarixi, mədəniyyət abidələri, o cümlədən geyim mədəniyyəti ilə də zəngindir. Azərbaycanın milli geyimləri uzun sürən və çox mürəkkəb inkişaf yolu keçmiş olan xalq maddi və mənəvi mədəniyyətinin nəticəsidir. Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər, onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir. 

Azərbaycan xalqının etnik tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq xalq geyimində öz əksini tapmışdır. 
Hər bir xalqın milli-mənəvi və maddi dəyərləri onun milli sərvətidir. Ümummilli Liderimiz Heydər Əliyev Cənabları dönə-dönə qeyd edirdi ki, “milli ideologiyamızın əsas tərkib hissəsi bizim milli-mənəvi dəyərlərimizdir. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”. Azərbaycanın, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Qarabağın geyim mədəniyyəti də bizim milli-mənəvi və maddi dəyərlərimizin bir tərkib hissəsidir.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Şuşa milli geyimləri” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhəri əhalisinin XIX əsr geyim mədəniyyəti, onun təsnifatı, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb. 

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Susa_milli_geyimleri/index.htm linkindən istifadə edə bilərlər.